Əhməd Şara sabah Ankaraya səfər edəcək

Suriya müvəqqəti hökumətinin qeyri-rəsmi lideri Əhməd Şara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Ankaraya səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fahrettin Altun sosial media hesabında bildirib.

Altun, səfər çərçivəsində Türkiyə Prezidenti Sarayında keçiriləcək görüşlərdə Suriyadakı son hadisələrin bütün aspektlərinin müzakirə ediləcəyini, bu ölkədəki iqtisadi bərpa, davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün iki ölkə tərəfindən atılacaq ortaq addımların dəyərləndiriləcəyini bildirib.

Görüşlərdə keçid dövrü idarəçiliyinə və Suriya xalqına çoxtərəfli platformalarda verilə biləcək dəstəklər barədə də müzakirə ediləcəyini qeyd edən Altun, “Suriyanın azadlığa qovuşmasından sonra yenidən qurulan Türkiyə-Suriya münasibətlərinin Əhməd Şara və heyətinin ziyarəti ilə güclənəcəyinə, yeni bir mərhələyə qədəm qoyacağına inanırıq” deyə bildirib.