Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Türk Dövlətləri Təşkilatının (TDT) tədbirlərində öz bayrağı və Konstitusiyada təsbit olunmuş adı altında iştirakı Lefkoşanın beynəlxalq aləmdə tanınması istiqamətində atılan mühüm addımdır.
AZƏRTAC xəbər verir ki, bunu ŞKTC Prezidenti Ersin Tatar Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzində Milli Məclisin deputatları ilə görüşündə deyib.
Azərbaycan parlamentinin nümayəndə heyəti 2-ci Rauf Denktaş və Fazıl Küçük Beynəlxalq Kipr Araşdırmaları Simpoziumunda iştirak etmək üçün Lefkoşada səfərdədir.
E.Tatar Kipr türklərinin assimilyasiyasına yönəlmiş adanın federal quruluşu məsələsinin əbədiyyən qapalı olduğunu vurğulayıb. O deyib: “Adadakı vəziyyəti həll etməyin yeganə yolu iki bərabər suveren dövləti tanımaqdır”.
Prezident Kipr türklərinin hüquq və maraqlarının müdafiəsi istiqamətində atılan addımları bütün Türk dünyasının mübarizəsi adlandırıb və ortaq türk əlifbasının razılaşdırılması istiqamətində görülən tədbirlərin əhəmiyyətini qeyd edib.