Mixeil Kavelaşvili: "Bəzi qüvvələr Gürcüstan hökumətini təcrid etmək istəyirlər"

Təəssüf ki, Qərbdə və tərəfdaş ölkələrimizdə vətəndaşların məlumatlandırılması zəif aparılır. Mən İsveçrədəki təcrübəmdən bilirəm ki, vətəndaşa alternativ fikir lazımdır ki, yalnız bir mənbəyə güvənməsin. Bu, Avropa dəyəridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İsveçrənin "Nuwe Zurcher Zeitung" nəşrinə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, hazırda yalan məlumatlara əsaslanan bəzi qüvvələr Gürcüstan hökumətini təcrid etməyə cəhd göstərirlər. Bu isə qətiyyən yolverilməzdir. O bildirib ki, keçən ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri əhalinin əksəriyyəti üçün gözlənilən olub. Ona görə ki, əhalinin əksəriyyəti hakim partiyanı dəstəkləyirdi. Amma təəssüflər olsun ki, sələfim Salome Zurabişvilinin seçkilərin saxtalaşdırıldığı barədə bəyanatı dünya mediası tərəfindən geniş yayılıb. Prezidentin dezinformasiya yayması isə qətiyyən yolverilməzdir: “Bizim vəziyyətimizdə böyük dezinformasiya və Gürcüstan hökumətini təcrid etmək cəhdləri görünür, reallıq isə fərqli aspektdən təqdim edilir".

Prezident deyib: "Mən artıq doqquzuncu dəfədir ki, seçkilərdə iştirak edirəm. Əvvəlki seçkilərdən fərqli olaraq oktyabrda keçirilən seçki ən demokratik və şəffaf seçki olub. Nəticələr əhalinin böyük əksəriyyəti üçün gözlənilən idi. Əhalinin əksəriyyəti "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasına etimad göstərib. Lakin çox təəssüflər olsun ki, mənim sələfim iddia edir ki, "Gürcü Arzusu" seçkiləri saxtalaşdırıb və bunun arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır. Dünya mediası da bu iddiaları yayırdı. Heç kim hökumətin mövqeyini anlamağa çalışmırdı. Ölkə prezidentinin belə dezinformasiya yayması yolverilməzdir".

M.Kavelaşvili hesab edir ki, avropalılar üçün bu inandırıcı görünürdü. Amma bu, əslində Avropa vətəndaşlarının təhqir olunması deməkdir.