Mirzоyan: Ermənistan Qırğızıstanın iqtisadi artım təcrübəsini öyrənmək niyyətindədir - YENİLƏNİB

Ermənistan son bir ildə əhəmiyyətli iqtisadi artım nümayiş etdirən Qırğızıstanın təcrübəsini öyrənmək niyyətindədir.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzоyan qırğız həmkarı Jeenbek Kulubayevlə birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin potensialı qismən istifadə olunur və onu inkişaf etdirmək lazımdır.

Qeyd edək ki, Ermənistan və Qırğızıstan arasında ticarət dövriyyəsi son illərdə əhəmiyyətli dərəcədə artıb. 2023-cü ilin yanvar-noyabr aylarında artım təxminən 27,4 milyon dollar, 2024-cü ilin eyni dövründə isə 13,7 milyon dollar olub.

13:45

İrəvanda Ermənistan və Qırğızıstan xarici işlər nazirləri Ararat Mirzoyan və Jeenbek Kulubayev arasında təkbətək görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Danışıqlardan sonra nazirlər mətbuata bəyanatlarla çıxış edəcəklər.

Qeyd edək ki, Kulubayev bu gün Ermənistana işgüzar səfərə gəlib.