Əlcəzairdə hər il orta hesabla 600 vətəndaş Fransa müstəmləkəçiliyindən miras qalan soyadlarının dəyişdirilməsi xahişi ilə dövlət qurumlarına müraciət edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti yazır.
Nəşr xatırladır ki, Əlcəzairin ərəb əhalisini assimilyasiya etmək və Afrika ölkəsinin yerli sakinlərini tarixi köklərindən mümkün qədər uzaqlaşdırmaq cəhdi ilə Fransanın müstəmləkə administrasiyası vaxtilə müvafiq qanun qəbul etmişdi. Bu qanuna əsasən ərəblərə heyvanların və ya insanın bədən hissələrinin adları verilirdi və ya onlar ərəb dilindəki təhqiramiz sözlərlə adlandırılırdı.
Müstəmləkəçilərin statistika idarələrinin işçiləri insanlarla onların qəbilə və tayfaları arasında əlaqəni pozmaq üçün çox vaxt soyadları təhrif edirdilər. Nəticə olaraq yaxın qohumların çox hissəsi tamamilə fərqli soyadlara malik olub.
Nəşr qeyd edir ki, müstəmləkəçilərin məqsədi cəmiyyəti maksimum şəkildə parçalamaq və əsarətdə saxlamaq, eləcə də əlcəzairliləri təhqiramiz soyadlarla alçaltmaq olub.
Eyni zamanda, bəzi Əlcəzair soyadlarının heç bir mənası yox idi. Adların ərəb dilindən fransız dilinə transkripsiyası da ciddi təhriflərlə müşayiət olunub.
Qəzet yazır ki, 1882-ci ildən bəri Əlcəzairdə bütün adlar iki sözə endirilib, hərçənd ki, ərəbcə adlar dörd və daha çox komponentdən ibarət olub.