Alman polisi sentyabrda Hessen əyalətinin Darmşdat şəhərində 36 yaşlı qadını meşədə qətlə yetirən şəxsin axtarışlarını davam etdirir.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, polis qatilin tapılması üçün 1117 nəfərdən DNT nümunəsi götürüb. Onların hamısının kişi olduğu bildirilir.
Qeyd edək ki, iki uşaq anası Larissa R. sentyabrın 16-da Lamperthaym meşəsində qaçışdan sonra evinə qayıtmayıb. Qısa müddət sonra onun cəsədi evindən bir neçə kilometr məsafədə meşədə tapılıb. Onun üç bıçaq zərbəsi ilə qətlə yetirildiyi müəyyən edilib.
Meyitin tapıldığı yerdən götürülən sübutlar əsasında qatilin DNT-si müəyyən edilib. Həmin DNT nümunəsinin polis sistemində qeydiyyatda olmadığı müəyyənləşdirilib. Bu da qatilin tapılmasını daha da çətinləşdirir. Polis hazırda DNT nümunələrinin araşdırılmasını davam etdirir.