Prezident Salome Zurabişvilinin və müxalifət partiyalarının yeni seçkilərin keçirilməsi ilə bağlı tələbləri absurddur. Gələn ilin ortalarında Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Müxalifət Tbilisidə qalib gəldiyini iddia edir. Qoy iştirak etsinlər və nəticəni görək. Biz bu seçkilərdə də qalib gələcəyik, çünki arxamızda görülən böyük işlər dayanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisi Şəhər Şurası sədrinin müavini Zurab Abaşidze söyləyib.
Radikal müxalifətin ölkədə böhran yaratmaq cəhdlərini tənqid edən Abaşidze bildirib ki, ölkədə heç bir böhran yoxdur və mövcud olan yeganə böhran müxalifət daxilindədir.
Abaşidze qeyd edib ki, şəhərdə bir çox mühüm layihələr həyata keçirilib. Bu da ölkədə sabit inkişafın göstəricisidir.
“Hazırkı hökumət Gürcüstanın suverenliyini və müstəqilliyini tam qoruyur, bu proses geriyə dönməzdir. Müəyyən dairələr ölkə daxilində və xaricində güclü, müstəqil Gürcüstan istəmirlər, lakin biz məqsədimizə çatacağıq”, - deyə Abaşidze vurğulayıb.
O, həmçinin müxalifətin növbədənkənar seçki tələblərinə cavab verərək, parlament seçkilərinin 2028-ci ildə keçiriləcəyini bildirib.