İtaliyanın ən böyük bankı olan “Intesa Sanpaolo” 2025-ci il yanvarın 15-dən etibarən Rusiyadakı törəmə şirkəti "Intesa" istisna olmaqla, bütün Rusiya banklarından avro ilə ödənişlərin qəbulunu dayandıracaq.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, "Intesa" dekabr ayında müştərilərini və kontragentlərini bu barədə məlumatlandırıb.
Bundan başqa, “Intesa Sanpaolo” 2025-ci il yanvarın 15-dən öz törəmə bankının müxbir hesabına xidmət şərtlərində dəyişiklik edəcək. Xüsusilə avro ilə ödənişlər yalnız “Intesa”nın özündə, onun törəmə banklarında və İtaliya ərazisində yerləşən banklarda olan hesablar üzrə kommersiya məqsədləri ilə mümkün olacaq.
“Intesa”nın qərarı ilk növbədə İtaliya xaricində kontragentlərlə avro ilə hesablaşmalar üçün bankın yerli “törəmə”sindən istifadə edən Rusiya korporativ müştərilərinə şamil ediləcək.
“Nordic Star” vəkil bürosunun idarəedici tərəfdaşı Andrey Qusevin sözlərinə görə, təxminən 15 yerli bank Rusiyadakı "Intesa"da müxbir hesablara malikdir. Onun sözlərinə görə, avro ilə hesablaşmalar üzrə uzunmüddətli müqavilələrdən asılı olan müştərilər indi çətinliklərlə üzləşə bilərlər. Bu, xüsusilə fəaliyyəti İtaliya ilə bağlı olan kiçik və orta biznes nümayəndələrinə aiddir. Onlar alternativ ödəniş marşrutları axtarmalı olacaqlar.
Ekspertlər “Intesa”nın qərarını Avropa Mərkəzi Bankının təzyiqi, sanksiya məhdudiyyətləri və reputasiya riskləri ilə əlaqələndirirlər.