Fransa Müdafiə Nazirliyi ilk dəfə Türkiyəni ölkənin “düşmənləri” sırasına daxil etməklə prezident Emmanuel Makrondan nümunə götürdü.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərlə söhbətində Türkiyə Araşdırmalar Vəqfinin (TAV) analitiki, Milli Müdafiə Universitetinin dosenti Murat Yigit Fransa Müdafiə Nazirliyinin Türkiyənin müdafiə sənayesinin vəziyyəti və inkişaf perspektivləri ilə bağlı 65 səhifəlik hesabatını şərh edərkən deyib.
Yigit qeyd edib ki, son günlər sosial şəbəkələrdə aktiv müzakirə olunan hesabatın müəllifləri Türkiyəni Fransanın, xüsusilə Parisin Afrika qitəsində maraqlarını təhdid edən dövlətlər sırasına daxil ediblər.
Türkiyəli ekspert əlavə edib: “Sənəd Türkiyənin aparıcı müdafiə şirkətlərinin fəaliyyətinin ətraflı təhlilini təqdim edir və PUA-lar da daxil olmaqla qabaqcıl inkişafların siyahısını ehtiva edir. Belə genişmiqyaslı hesabatın hazırlanması faktının özü də Türkiyənin inkişafı xaricdə də izlənilən hərbi-sənaye kompleksinin uğurlarının tanınmasının göstəricisidir”.
Yigit xatırladıb ki, Fransa uzun müddətdir dünyanın müxtəlif yerlərində Türkiyənin addımlarını izləyir. “Bu, xüsusən də Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı, eləcə də Ukrayna, Liviya və Suriyada Fransanın verdiyi bəyanatlarda özünü büruzə verdi. Üstəlik, Qarabağ məsələsi Paris tərəfindən az qala daxili gündəmdə olan bir məsələ kimi irəli sürülür ki, bu da erməni diasporunun mövcudluğu ilə bağlıdır”, – deyə Türkiyənin Milli Müdafiə Universitetinin dosenti bildirib.
O, qeyd edib ki, əgər əvvəllər Ankaranın ünvanına tənqidlər yalnız Makron tərəfindən səsləndirilirdisə, bu gün biz Fransa hərbçilərinin açıq narazılığının şahidi oluruq.
TAV analitiki Fransa ordusunun Baş qərargah rəisi Thierry Burkhartın sentyabrın 25-də parlamentdə keçirilən dinləmələrdə “Paris artıq Türkiyənin dünyada təsirini görməzlikdən gələ bilməz” sözlərini xatırladıb: “Baş qərargah rəisi Ankaranı “strateji rəqib” - əslində, Parisin düşməni kimi təsnif etdi. Üstəlik, onun açıqladığı dörd ölkənin (Rusiya, Çin, İran və Türkiyə) siyahısından yalnız Türkiyə “Qərb bloku”nun bir hissəsidir – NATO-nun üzvü və Aİ-yə üzv olmağa namizəddir”.
Onun sözlərinə görə, Ankaranın Ukraynadakı sülh təşəbbüsləri ənənəvi fransız diplomatiyasını kölgədə qoyub: “Paris Türkiyənin danışıqlar platforması kimi tanınmasından qıcıqlanır. Əgər əvvəllər müxtəlif ölkələrdən münaqişə edən tərəflər Parisdə sülh konfranslarına toplaşırdılarsa, son dövrdə söhbət Antalya, İstanbul və ya Ankaradan gedir”.
Ekspert qeyd edib ki, bu gün Ankaranın dünyadakı mövqeyini gücləndirən əsas amillərdən biri hərbi-sənaye kompleksidir və buna görə də Parisdə Türkiyənin aparıcı müdafiə müəssisələrinin hətta peyk şəkillərini özündə əks etdirən müfəssəl hesabatın hazırlanmasına qərar verilib.
“Fransa Müdafiə Nazirliyinin hesabatının müəllifləri belə qənaətə gəlirlər ki, Türkiyənin müdafiə məhsulları Qərbi arzuolunmaz ölkələrə siyasi təzyiq alətindən, yəni hərbi məhsulların tədarükünə məhdudiyyətlərdən məhrum edir. Fransa və digər dövlətlər ayrı-ayrı ölkələrə satmaqdan imtina etdiklərini Türkiyədən alırlar”, - deyə TAV analitiki izah edib.
Yigit əmindir ki, Ankaranın siyasəti Parisin Afrikadakı hegemonluğunu məhv edir: “Parisin müstəmləkəçilik vərdişləri ona gətirib çıxarıb ki, Mali, Niger, Burkina Faso və digər Afrika ölkələri Fransanın varlığını açıq şəkildə rədd etməyə başlayıblar. Fransızlar gedir, onların yerini Rusiya, Çin və Türkiyə tutur. Paris artıq Afrikada nüfuzunu bərpa edə bilmir”.