Yaponiya parlamentinin Nümayəndələr Palatası hakim Liberal-Demokrat Partiyasının (LDP) lideri Siqeru İsibanı yenidən baş nazir seçib.
AZƏRTAC “Kyodo News” agentliyinə istinadla xəbər verir ki, səsvermənin birinci turunda namizədlərdən heç biri 465 yerlik palatada qalib gəlmək üçün lazım olan 233 səsi toplaya bilməyib. Nəticədə səsvermə iki əsas namizəd - İsiba və Yaponiyanın əsas müxalifətçi Konstitusiya Demokratik Partiyasının (CDP) lideri Yoşihiko Noda arasında keçirilib. Bu dəfə İsiba 221 səslə (160 səsə qarşı) rəqibini üstələyərək baş nazir postunu saxlaya bilib.
Bundan əvvəl İsiba LDP və Komeito Partiyasının hakim koalisiyasının çoxluğa malik olduğu parlamentin yuxarı palatasında (müşavirlər palatası) baş nazir seçilmişdi.
Bu gün Siqeru İsiba minimal dəyişikliklərlə yeni kabinet formalaşdırmalıdır. O, indi azlıq hökumətinə rəhbərlik edə bilər ki, bu da koalisiyanı müxalifətin tələblərinə daha yaxından qulaq asmağa sövq edəcək. Xüsusilə də müxalifət partiyalarının siyasi islahatlar üçün təzyiqləri artıracağı gözlənilir.