Almaniya parlamenti miqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan qanunu qəbul edib

Oktyabrın 18-də Almaniya parlamentində siyasi sığınacaq, yaşayış icazəsi, eləcə də silah gəzdirilməsi ilə bağlı sərt tədbirlərin tətbiqini nəzərdə tutan qanunlardan ibarət "Təhlükəsizlik paketi" qəbul olunub.

AZƏRTAC xəbər verir ki, "Təhlükəsizlik paketi" avqustun sonlarında Almaniyanın Zolingen şəhərində törədilən bıçaqlı hücumdan sonra Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyası (FDP) tərəfindən irəli sürülüb. Qəbul olunan qanunlarda sığınmaq üçün digər Avropa ölkəsinə müraciət etmiş əcnəbilərə dövlət yardımlarının dayandırılması nəzərdə tutulur. Silahlarla bağlı qanunda isə ictimai tədbirlər və idman yarışları zamanı bıçaq gəzdirmək qadağan olunur.

Bundan başqa, təhlükəsizlik qüvvələrinə zərurət yarandıqda biometrik məlumatların internet üzərindən yoxlanılması səlahiyyətləri verilir. Belə ki, avtomatlaşdırılmış proqram vasitəsilə üzlərin və səslərin axtarışına yalnız Federal Kriminal Polis İdarəsinin (BKA) prezidenti və ya onun nümayəndəsi tərəfindən məhkəmə orderi əsasında icazə verilir. Təhlükə və zərurət yarandığı təqdirdə, BKA-nın rəisi və ya üç müavinindən biri maksimum üç gün müddətinə özləri qərar qəbul edə biləcək.

Qeyd edək ki, parlamentdəki müxalifət partiyaları qanunları tənqid ediblər. Müxalifətdəki Birlik partiyası “Təhlükəsizlik paketi” ilə bağlı tətbiq olunacaq yeniliklərin qənaətbəxş olmadığını iddia edib. Almaniya üçün Alternativ Partiyası (AfD) da hökumətin miqrasiya siyasətini tənqid edib. Yaşıllar partiyası isə yenilikləri müdafiə edib.

Xatırladaq ki, Zolingen şəhərində 3 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücumun barəsində deportasiya qərarı qəbul edilmiş şəxs tərəfindən törədilməsi miqrasiya siyasətinin sərtləşdirməsinin zəruriliyini gündəmə gətirmişdi.