Türkiyədə dörd il ərzində bir milyondan çox qanunsuz miqrant saxlanılıb

Türkiyədə 2020-ci ilin yanvarından 2024-cü il oktyabrın 10-dək 1 milyon 119 min qanunsuz miqrant, o cümlədən qanunsuz miqrasiyanın təşkilində iştirak edən 41 692 şəxs saxlanılıb.

AZƏRTAC bu barədə Türkiyə Daxili İşlər Nazirliyinə istinadla xəbər verir.

Nazirliyinin məlumatına görə, ən çox - 285 mindən çox qanunsuz miqrant 2022-ci ildə saxlanılıb, bu ilin əvvəlindən isə analoji rəqəm artıq 175 mini keçib.

Saxlanılanların vətəndaşlığına gəlincə, ən çox miqrantların Əfqanıstan və Suriyadan olduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni, o cümlədən sərhədi qanunsuz keçmənin təşkilatçılarının məsuliyyətə cəlb edilməsi yolu ilə davam etdirmək əzmində olduğunu və təkcə ilin əvvəlindən qanunsuz miqrasiyanın təşkilində iştirakda şübhəli bilinən 9,7 mindən çox şəxsin məhkəmə qarşısına çıxarıldığını bildirib.

“Biz Türkiyənin qeyri-qanuni miqrasiya axınları üçün son təyinat və ya tranzit ölkə olmasına icazə verməyəcəyik”, - deyə nazirlik vurğulayıb.