Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

Azərbaycan Turizm Bürosu sentyabrın 15-dən 19-dək Səudiyyə Ərəbistanının Ciddə, Mədinə, Dəmmam və Ər-Riyad şəhərlərində silsilə tədbirlər keçirib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlər çərçivəsində hər bir şəhərdə 100-dək iştirakçının qatıldığı B2B (biznesdən-biznesə) formatlı seminarlar təşkil edilib.

Silsilə tədbirlərdə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC, “Şahdağ” Turizm Mərkəzi və yerli turizm sənayesi təmsilçiləri xüsusi turizm təklifləri ilə çıxış ediblər.

Görüşlər zamanı Azərbaycanın turizm potensialı təqdim edilib, o cümlədən ölkəmizin qış mövsümündə dağ kurortları, xizək turizmi və digər qış fəaliyyətləri, sağlamlıq turizmi, təbiət turizmi, lüks turizm seqmenti, Bakı və Azərbaycanın digər regionları haqqında məlumat yerli turizm şirkətlərinə çatdırılıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Səudiyyə Ərəbistanından Azərbaycana 76 816 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 faizdən çox artım deməkdir.

Gallery