Formula 1 eksperti: Azərbaycan Qran-Prisi ölkəmizin turizm potensialını artırır

“Formula 1 Azərbaycan Qran-Prisini digər ölkələrdə keçirilən yarışlardan fərqləndirən cəhət trekin şəhərdə olmasıdır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Formula 1 eksperti və şərhçi Siyavuş Əliyev Bakının 8-ci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisi barədə danışarkən deyib.

O, paytaxtımızda keçirilən yarışın spesifik xüsusiyyətlərə malik olduğunu bildirib: “Şəhər trası olduğu üçün kiçik səhv pilotun yarışdan kənarda qalmasına şərait yaradacaq. Amma digər ərazilərdə səhv etdiyin halda nəyəsə ümid etmək olar. Adətən trasla yeni tanış olan pilotlar çətinliklərlə üzləşə bilirlər. Lakin zaman keçdikcə hər şey qaydasına düşür. Digər çətin məsələ uzun düzlüklərin və 90 dərəcəli dar döngələrin olmasıdır. Bu da mühəndis və mexaniklərə müəyyən problem yaradır. Çünki sazlanmada balansı qorumaq çətin olur”.

Siyavuş Əliyevin fikrincə, Formula 1 Azərbaycan Qran-Prisi ölkənin turizm potensialının artmasına səbəb olur: “Bildiyiniz kimi, bu yarışın milyard yarımdan çox televiziya izləyicisi var. Bu da Azərbaycana böyük öhdəliklər verir. Formula 1 və bəzi velosiped yarışları sanki turizmin inkişafına hesablanmış idman növləridir. Xüsusilə də Formula 1-i qeyd etmək olar. Məsələn, Meksikadan Serxio Peres, Avstraliyadan Daniel Rikkardo və İngiltərədən Lüis Hemiltonun Azərbaycan Qran-Prisinin qalibi olmaları həmin ölkələrin Bakıya marağını daha da artırıb”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də keçiriləcək.