“Şahdağ” motohəvəskarları yenidən bir araya toplayıb

“Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Motoklublar Birliyinin birgə təşəbbüsü ilə növbəti “Şahdağ Motosiklet Festivalı” təşkil edilib.

Turizm Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Şahdağ”da artıq ikinci dəfə keçirilən festivala ölkənin müxtəlif bölgələrindən 500-ə yaxın motosiklet həvəskarı qatılıb.

İki gün davam edən festivalda motosikletçilər təşkilatçılar tərəfindən hazırlanan müxtəlif müsabiqələrdə iştirak ediblər. Yarışda motohəvəskarlar güclü motosiklet, dəbli motosiklet, uzağa üzmə, qol güləşi, ən yavaş yürüş, ən böyük yürüş və digər müsabiqələr üzrə birincilik uğrunda mübarizə aparıblar.

Həmçinin yarış zamanı Motobaku Academi tərəfindən iştirakçılara “rally show” nümayiş olunub.

Öz bacarıqları və istedadları ilə seçilən qaliblərə sonda münsiflər heyəti tərəfindən müxtəlif hədiyyələr verilib.

Festival çərçivəsində həm iştirakçılar, həm də turizm mərkəzinin qonaqları üçün musiqili-əyləncəli şou-proqramlar təşkil edilib.