Frankfurt-Bakı-Frankfurt reysi üzrə müntəzəm uçuşlara başlanılacaq

Bu ilin may ayından Almaniyanın "Lufthansa" aviaşirkəti Frankfurt-Bakı-Frankfurt reysi üzrə müntəzəm uçuşlara başlayacaq.

"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyindən "Report"a verilən məlumata görə, bu barədə müzakirələr qurumun İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla "Lufthansa Group"un satış üzrə Baş meneceri Karsten Zang arasında keçirilmiş görüşdə aparılıb.

Qeyd edilib ki, hazırda bu istiqamətdə həftədə 4 dəfə olmaqla uçuşlar həyata keçirilir. May ayından etibarən isə uçuşlar gündəlik olaraq təşkil olunacaq.

ATAA sədri "Lufthansa" ilə əməkdaşlığın qurulmasının qarşılıqlı turist axınına müsbət təsir edəcəyini, həmçinin turistlərin rahat və keyfiyyətli səyahət imkanlarına çıxış əldə edə biləcəklərini qeyd edib.

Azərbaycanın "Lufthansa Group" üçün cəlbedici istiqamət olduğunu deyən K.Zang ölkənin geniş turizm potensialının olduğunu və əməkdaşlığın qarşılıqlı fayda verə biləcəyini vurğulayıb.O, əməkdaşlıq çərçivəsində gələcəkdə yeni layihələrin həyata keçirilməsinin və təcrübə mübadiləsinin aparılmasının mümkünlüyünü ifadə edib.