Avropa İttifaqı ölkələrində turizm sektorunda ötən ilin IV rübündən sonra hotellərdə gecələmələrin sayı 3 milyardı keçib.
AZƏRTAC-ın WAM agentliyinə istinadla verdiyi məlumata görə, Avropa İttifaqının statistika bürosu “Eurostat” 2024-cü ilin Aİ üçün ən yaxşı turizm ili olduğunu, turistlərin yerləşdirmə müəssisələrində gecələmələrin ümumi sayının 3 milyardı ötdüyünü bildirib.
“Eurostat” qeyd edib ki, bu, ilin son rübündə yekun artımdan sonra 2023-cü illə müqayisədə (+65,4 milyon gecələmə) 2,2 faizlik artımı əks etdirir.
Məlumatlar göstərir ki, 2024-cü ildə əcnəbi qonaqların keçirdiyi gecələmələrin əhəmiyyətli dərəcədə artması (+4,9 faiz və ya 67,2 milyon) fonunda yerli qonaqların analoji göstəriciləri bir qədər azalıb (-0,1 faiz, yaxud -1,8 milyon). Ən çox gecələmə İspaniya (500 milyon), İtaliya (458 milyon), Fransa (451 milyon) və Almaniyadakı (441 milyon) turist yerləşdirmə müəssisələrində qeydə alınıb ki, bu da Aİ-də ümumi göstəricilərin 61,6 faizini təşkil edir. Ən aşağı rəqəmlər isə Lüksemburq (3,4 milyon), Latviya (4,7 milyon) və Estoniyada (6,6 milyon) olub.
2023-cü illə müqayisədə 2024-cü ildə turistlərın gecələmə sayı ən çox Malta (+14,4 faiz) və Latviyada (+7,4 faiz) olub. Digər tərəfdən, bu göstərici Lüksemburq (-2,7 faiz), Fransa (-0,6 faiz), Belçika (-0,2 faiz) və İsveçdə (-0,1 faiz) azalıb.
2024-cü ilin son rübü 2023-cü ilin 4-cü rübü ilə müqayisədə Aİ-də sərf olunan gecələrin ümumi sayının 5,1 faiz artması ilə illik nəticələrə müsbət təsir göstərib.
2023-cü ilin eyni rübü ilə müqayisədə 2024-cü ilin dördüncü rübündə bütün Aİ ölkələrində turizm gecələməsi sayı artıb. Burada yalnız İrlandiya istisna təşkil edib (-1,8 faiz). Digər Aİ ölkələri arasında ən yüksək rüblük artım Malta (+16,5 faiz), Latviya (+12,5 faiz), İtaliya (+11,1 faiz) və Xorvatiyada (+10,2 faiz) qeydə alınıb.