Azərbaycan Avrasiya Dağ Turizmi Forumuna ev sahibliyi edir

Avrasiya Dağ Kurortları Alyansı və “Şahdağ Turizm Mərkəzi”nin təşəbbüsü ilə “Avrasiyada dağ turizminin perspektivləri və imkanları” mövzusunda Avrasiya Dağ Turizmi Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin, alyansa üzv olan Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Cənubi Koreyanın dağ kurortlarının nümayəndələri ilə yanaşı, Belarus, Gürcüstan və Qırğızıstandan 150-yə yaxın təmsilçi iştirak edib.

Forumun açılışı alyansa üzv olan ölkələrin xizək üzrə təlimatçılarının öz milli musiqilərinin müşayiəti ilə paradı ilə başlayıb.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə qeyd edib ki, agentlik ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq son illər Azərbaycanda qış və dağ turizminin, eləcə də qış idman növlərinin inkişafı və beynəlxalq idman tədbirlərinin keçirilməsi istiqamətində mühüm addımlar atıb. O vurğulayıb ki, görülən işlər nəticəsində mövcud infrastruktur təkmilləşdirilib, beynəlxalq standartlara cavab verən yeni və genişləndirilmiş zonalar yaradılıb, Qış İdman Növləri Federasiyası beynəlxalq idman təşkilatları və federasiyaları ilə birgə tədbirlər təşkil edib. K.Quluzadə bu forumun təkcə Azərbaycan deyil, həm də alyansa üzv ölkələr üçün də turizm sektorunun inkişafı, regional əməkdaşlığın gücləndirilməsi, yeni marşrutların və innovativ turizm modellərinin formalaşdırılması baxımından geniş imkanlar yaradacağını vurğulayıb.

Avrasiya Dağ Kurortları Alyansının baş katibi Andrey Kukuşkin tədbirin dağ kurortlarının müasirləşdirilməsi, yeni investisiya imkanlarının yaradılması və davamlı inkişafın təmin edilməsi baxımından əhəmiyyətini qeyd edib. O, bu sahədə müasir strategiyaların işlənib hazırlanmasının zəruriliyini vurğulayıb və bildirib ki, Alyans üzvləri arasında əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi qış dağ turizminin inkişafına və onun ÜDM-də payının artırılmasına mühüm töhfə verəcək. Baş katib onun da qeyd edib ki, Avrasiya Dağ Turizmi Forumu (EMTF) hər il turizm sahəsi üzrə aparıcı mütəxəssislərin, dövlət turizm təşkilatlarının və beynəlxalq strukturların iştirakı ilə keçiriləcək.

“Şahdağ Turizm Mərkəzi” ASC-nin sədri Rüstəm Nəcəfov çıxışında vurğulayıb ki, Avrasiya Dağ Turizmi Forumu regionlar və kurortlar arasında əməkdaşlığın inkişafında, eləcə də təcrübə mübadiləsində mühüm rol oynayır. O, rəhbərlik etdiyi Mərkəzin Avrasiya Dağ Kurortları Alyansına və Türk Dövlətlərinin Xizək Kurortları İttifaqına üzvlüyünün əməkdaşlığın genişlənməsinə və regionun turizm baxımından cəlbediciliyinin artmasına töhfə verdiyini qeyd edib. R.Nəcəfov onu da əlavə edib ki, son illər “Şahdağ” beynəlxalq idman yarışlarına ev sahibliyi edən nüfuzlu mərkəzlərdən birinə çevrilib. O, Alyans üzvləri ilə idman sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Şahdağ Turizm Mərkəzi” ASC-nin kommersiya direktoru İqor Şaulov əldə olunan nəticələr, əsas məqsədlər və qarşıda duran vəzifələrdən danışıb. O, həmçinin keçirilən tədbirlər barədə məlumat verib və genişlənməkdə davam edən, turistlər üçün daha da rahat şərait yaradan “Şahdağ” infrastrukturunun dinamik inkişafını qeyd edib.

Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova Azərbaycanda qış idman növlərinin dinamik inkişafını qeyd edib, beynəlxalq əməkdaşlığın və dağ-xizək idmanının populyarlaşmasının əhəmiyyətini vurğulayıb. O, həmçinin bildirib ki, yarışların keçirilməsi qış növlərinə marağın artmasına xidmət etməklə yanaşı, turizm potensialının inkişafında da mühüm rol oynayır.

“Şahdağ Turizm Mərkəzi” QSC-nin sədr müavinləri Cahangir Abdinzadə və Raqif Dadaşov tədbir iştirakçıları qarşısında çıxış ediblər. Abdinzadə məsələnin maliyyə aspektlərinə toxunub və həyata keçirilən layihələrdən danışıb, Raqif Dadaşov isə görülən işlərin nəticələrini bölüşüb və Alyansa üzv ölkələr arasında peşəkar kadr mübadiləsinin vacibliyini vurğulayıb.

Xarici nümayəndə heyətlərinin nümayəndələri tədbirin əhəmiyyətini vurğulayıb, regionun yüksək turizm potensialını qeyd ediblər. Müzakirələr çərçivəsində turistlər və idmançılar üçün şəraitin yaxşılaşdırılmasına yönəlmiş xizək infrastrukturunun genişləndirilməsi perspektivləri müzakirə olunub. Ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində və təcrübə mübadiləsində mühüm rol oynayan beynəlxalq əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib. Həmçinin perspektiv planlar, gələcək inkişaf məsələləri və dağ turizminin aktual problemləri, onların həlli yollarına da toxunulub.

Forumun ilk gününün yekunlarına dair mətbuat konfransı keçirilib, sonra Avrasiya Dağ Kurortları Alyansı ilə Qırğızıstan Turizmin İnkişafı Fondu arasında anlaşma Memorandumu, həmçinin “Ruslet” ilə Dağ Alyansı arasında anlaşma və sənaye tərəfdaşlığı haqqında Memorandum imzalanıb.

Qeyd edək ki, tədbir martın 6-dək davam edəcək. Forum çərçivəsində alyansın 2025-2026-cı illər üçün Fəaliyyət Planı, dağ turizminin inkişafı və turizm marşrutlarının yaradılması, kurortlarda təhlükəsizliyin təşkili, üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, təşkilatın inkişafında vahid standartların tətbiqi, qış turizminə dövlət dəstəyi, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Forum çərçivəsində Alyansa üzv ölkələrin nümayəndələri arasında xizək yarışları və Milli Mətbəx Festivalı da keçiriləcək.