Səudiyyə Ərəbistanının Məkkə şəhərində “2-ci Məkkə Halal Forum”u keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, 3 gün davam edən foruma dünyanın müxtəlif ölkələrindən müvafiq dövlət qurumlarının nümayəndələri, halal sənayesini təmsil edən iş adamları, ekspertlər qatılıblar.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və yerli şirkətlər də iştirak ediblər.
Forum çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, AZPROMO-nun dəstəyi və KOBİA-nın tərəfdaşlığı ilə Azərbaycan pavilyonu qurulub. Burada Azərbaycanın kənd təsərrüfatı, sənaye, turizm və xidmət sektorlarını təmsil edən 15 stend fəaliyyət göstərib. Azərbaycan pavilyonu sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Azərbaycan məhsulları, milli mətbəx nümunələrimiz ilə tanış olan xarici qonaqlara ölkəmizdə biznes və investisiya imkanları barədə məlumat verilib.
Qeyd olunub ki, “Məkkə Halal Forumu” Səudiyyə Ərəbistanı Krallığının Ticarət Nazirliyinin himayəsi ilə artıq ikinci ildir keçirilir. Qlobal halal bazarın inkişafını dəstəkləmək və bu sahədə əməkdaşlığı genişləndirmək məqsədilə təşkil olunan forum çərçivəsində dəyirmi masa və müzakirələr, “B2B” görüşlər və digər tədbirlər də keçirilib. 2024-cü ildə “Məkkə Halal Forum”da Azərbaycan da daxil olmaqla, 120-dən çox ölkədən 180-dən artıq şirkət iştirak edib.