Azərbaycan vətəndaşları xarici ölkələrdə turizm məqsədilə 2,2 milyard manat xərcləyib

Ötən il turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşların turizm məqsədilə çəkdikləri xərclərin həcmi 2,2 milyard manat olub.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

 

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 700 milyon manat və ya 47% çoxdur. Belə ki, 2023-cü ildə turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşların turizm məqsədilə çəkdikləri xərclərin həcmi 1,5 milyard manat təşkil edib.

Qeyd edək ki, bəhs olunan dövrdə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 2,15 milyon nəfər olub. Onlardan 1,365 milyon nəfəri turizm məqsədilə səfər edib. Turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşların 806 min nəfəri kişilər, 558 min nəfəri qadınlar olub. Bu şəxslərin 1,337 milyon nəfəri hava nəqliyyatı ilə, 28 min nəfəri dəniz nəqliyyatı ilə səyahət edib.