Mingəçevirdə göl və dalğıclıq turizminin inkişafı üçün tədbirlər görülür

Şəhəri əsasən Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistandan olan turistlər ziyarət edib

Ötən il Mingəçevir şəhərindəki 9 hotel və mehmanxana tipli müəssisəyə 14 min 359 turist yerləşdirilib.

Mingəçevir Şəhər Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onların 14 min 101 nəfəri Azərbaycan, 258 nəfəri isə xarici ölkə vətəndaşı olub. Xarici turistlər arasında Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistandan olanlar üstünlük təşkil edib.

Qeyd edək ki, Mingəçevir Regional Turizm İdarəsi tərəfindən şəhərin 2023-2026-cı illəri əhatə edən Turizm İnkişaf Planı və onun əsasında özündə 36 əsas fəaliyyəti əks etdirən tədbirlər planı hazırlanıb. İdarədən bildirilib ki, plan üzrə fəaliyyətin həyata keçirilməsi məqsədilə 10-dan çox dövlət qurumunun nümayəndələri ilə görüşlər keçirilərək, müzakirələr aparılıb. Mingəçevir və Varvara su anbarlarını birləşdirən Kür çayı üzərindəki 8 adanı əhatə edən Mingəçevir-Varvara Ekoturizm Marşrutu mövcuddur. Marşrutun tanıdılması və daha da təkminləşdirilməsi məqsədilə buraya turizm şirkətlərinin iştirakı ilə infoturlar təşkil edilir. Müxtəlif sualtı ekosistemlərə, mərcan riflərinə və su altında qalmış tarixi yerləri görməyə istiqamətlənən dalğıclıq üzrə turizm məhsulu konsepsiyası hazırlanıb. Dalğıclıq turizm konsepsiyasının daha da təkmilləşdirilərək biznes planı formasına salınması və potensial investorlara təqdim edilməsi nəzərdə tutulub. Kür çayı ətrafındakı sahibkarlıq subyektləri və əhali süni göllər formalaşdıraraq balıqçılıq təsərrüfatları yaradırlar. 2024-cü ildə Mingəçevir Regional Turizm İdarəsi tərəfindən 20-yə yaxın belə gölə baxış keçirilib. Göl turizmi məhsulunun hazırlanması və regional turizmdə mövsümilik amilinin aradan qaldırılmasına töhfə vermək məqsədi ilə konsepsiya sənədi hazırlanıb.