Azərbaycan Turizm Bürosu Hindistanın Mumbay şəhərində keçirilən, Asiya-Sakit Okean regionunun mühüm turizm sərgisi olan “OTM Mumbai 2025”də iştirak edib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 22 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub.
Milli stenddə ziyarətçilərə Azərbaycanın tarixi, mədəniyyəti, qış turizmi və dağ-xizək mərkəzləri, sağlamlıq, ekoturizm və digər turizm imkanları haqqında məlumat verilib.
Sərgi çərçivəsində keçirilən “Hindistanlı səyahətçiləri cəlb etmək: güclü destinasiyalardan strateji yanaşmalar” adlı panel müzakirəsində Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov Azərbaycanda turizmin inkişafı strategiyası ilə bağlı çıxış edib.
Qeyd edək ki, hindistanlı turistlərin artan marağına əsasən “Azərbaycan Hava Yolları” QSC və “IndiGo” aviaşirkətləri ilə Dehli və Mumbaydan Bakıya həftədə 14 birbaşa uçuş həyata keçirilir. 2024-cü ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 243 min 589 nəfər olub. Bu, 2023-cü illə müqayisədə 2 dəfədən çoxdur.