Azərbaycan Turizm Bürosu Avstriyanın paytaxtı Vyanada keçirilən “Ferien-Messe Wien” sərgisində iştirak edib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə, həmçinin “Azərbaycan Hava Yolları” QSC və yerli turizm sənayesi nümayəndələri ölkəmizin turizm imkanlarını nümayiş etdirilib.
Turizm sənayesi üçün çoxşaxəli platforma olan “Ferien-Messe Wien” sərgisində B2B (Biznesdən biznesə), B2C (Biznesdən müştəriyə) formatlı görüşlər keçirilib.
Ziyarətçilərə Azərbaycanın turizm məhsulları üzrə təklifləri, o cümlədən İçərişəhər, Qobustan Qayaüstü İncəsənət Mədəni Landşaftı və Şəki Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məkanlar haqqında ətraflı məlumat verilib.
Milli stenddə virtual reallıq (VR) texnologiyası vasitəsilə Qobustan qayaları və Xınalıq kəndi kimi məşhur turizm məkanlarını kəşf etmək imkanı təqdim edilib. Eyni zamanda ziyarətçilər Azərbaycanın milli şirniyyatlarının dadına baxıblar.
Azərbaycan stendini ziyarət edən ölkəmizin Avstriyadaki səfiri Rövşən Sadıqbəyli sərginin gedişatı və nümayiş olunan turizm məhsulları ilə tanış olub.
Qeyd edək ki, Vyanadan Bakı istiqamətinə birbaşa uçuşların olması Avstriya vətəndaşları üçün Azərbaycana rahat və əlverişli səyahət imkanı yaradır. Ötən ilin yanvar-dekabr dövründə Avstriyadan Azərbaycana səfərlərin sayında 2023-cü illə müqayisədə 10 faizlik artım müşahidə olunub.