Cəbrayıl şəhərində kulinariya tədbiri keçirilib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Cəbrayıl şəhərində milli mətbəx nümunələrimizi tərənnüm edən "Ənənələrə qayıdış" adlı kulinariya tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil olunmuş tədbirdə peşəkar aşpazlar və 3 rayonu təmsil edən sakinlərdən ibarət komandalar milli mətbəximizin şahı sayılan plov bişiriblər. Tanınmış kulinar, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovun rəhbərliyi altında komandalar Cəbrayıl mətbəxindən “Səbzi plov”, Qubadlı mətbəxindən “Qəlyə plov”, Zəngilan mətbəxindən isə “Maşlı plov” hazırlayıblar.

Tədbirin sonunda komandaların hazırladığı mətbəx nümunələri qiymətləndirilib və komandalara müxtəlif nominasiyalarda rəmzi hədiyyələr təqdim edilib. Ardınca plovlar Cəbrayılda yaşayan sakinlərə və qonaqlara paylanılıb.

Eyni zamanda, tədbir çərçivəsində Cəbrayıl şəhəri və Cocuq Mərcanlı kəndindən olan uşaqlara Şaxta Baba və Qar qız Yeni il hədiyyələri təqdim edib.