Prezident İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Sərəncamı əsasında yaradılmış “ABAD” publik hüquqi şəxs ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına geniş imkanlar açır. O zaman Masallıda iki sahədə - qida istehsalı və dekorativ-tətbiqi xalq sənəti sahəsində ailələrə dəstək göstərən “ABAD” hazırda bütün ölkə ərazisini əhatə edən struktura çevrilib. “ABAD” maraqlı ideyaları həyata keçirməklə kiçik və orta sahibkarlığın, eləcə də ailə biznesinin inkişafına kömək edən innovativ təşəbbüsdür.
AZƏRTAC “ABAD”ın sədri Rüfət Elçiyevlə müsahibəni təqdim edir.
- Rüfət müəllim, “ABAD” ideyası necə yarandı? “ABAD”ın uğur qazanmasında hansı amillər əsas rol oynayıb?
- Öncə onu qeyd edək ki, “ABAD” cəmiyyətdə böyük etimad və nüfuza malik “ASAN xidmət”in, yəni Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Adından da göründüyü kimi, “ASAN xidmət” innovativ üsullardan istifadə etməklə vətəndaşlara xidmət göstərir, sosial layihələr həyata keçirir.
“ABAD” təşəbbüsünə vətəndaşların minimum risklə mikro və kiçik bizneslə məşğul olmasına imkan verən şəraitin yaradılması, habelə dövlət dəstəyinin səmərəliliyinin artırılması məqsədilə start verilib. Bununla belə, sahibkarlığa yeni başlayanlar çox vaxt hesabat öhdəlikləri, mühasibat uçotunun düzgün aparılması və sənədlərin vaxtında rəsmiləşdirilməsi kimi bir sıra çətinliklərlə qarşılaşırlar. Onlar bu işlərin icra edilməsində müəyyən qədər ehtiyatlana bilərlər. Bundan əlavə, çox vaxt biznes prosesləri öz məntiqi nəticəsinə - son məhsulun satış mərhələsinə çatmır.
“ABAD” aləti vasitəsilə yeni başlayan sahibkarlara nümayiş etdirilir ki, bütün bu prosesləri əhəmiyyətli dərəcədə sadələşdirmək olar. “İdeyadan rəflərə” konsepsiyası geniş xidmət sahələrini əhatə edir: istehsal avadanlığı, marketinq, brendinq, mühasibat uçotu, hüquqi dəstək və təlim sessiyalarının təşkilinin təqdim edilməsi, həmçinin məhsulların daşınması və satışı. Sahibkar kimi qeydiyyatdan keçən “ABAD” layihəsinin iştirakçıları agentliyin maddi-texniki bazasından və peşəkarların xidmətlərindən istifadə edərək risklərini minimuma endirirlər.
Belə ki, 2016-cı ildə Masallı şəhərində ilk “ASAN Həyat” kompleksinin açılışı zamanı Prezident İlham Əliyevə bir sıra innovativ təkliflər, o cümlədən “ABAD” konsepsiyası təqdim edilmişdi. Bu konsepsiya kəndli fermer ailələrinə təsərrüfat sahələrində ərzaq istehsal etmək üçün əlavə dəstəyin göstərilməsini nəzərdə tuturdu.
Layihədə perspektivləri görən Prezident həmin il sentyabrın 23-də layihənin satış prosesinə qədər mərhələləri də daxil olmaqla, geniş spektrli xidmətlər göstərən publik hüquqi şəxs formatında həyata keçirilməsi haqqında müvafiq Sərəncam imzaladı. Layihənin məqsədi vətəndaşların ölkənin sosial-iqtisadi həyatında iştirakının təmin edilməsi, əhalinin özünüməşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli mikro, kiçik və orta sahibkarlığın, o cümlədən ailə təsərrüfatlarının stimullaşdırılması olub. Beləliklə, “ABAD” publik hüquqi şəxs formatında pilot layihə kimi fəaliyyətə başlayıb.
“ABAD”ın uğuru daha çox onun etibarlı və nüfuzlu təşkilat olan “ASAN xidmət”in strukturuna inteqrasiyası ilə bağlıdır. Yarandığı ilk günlərdən “ABAD” da eyni etimadı qazandı və bu, onun inkişafı üçün əsas oldu.
Bundan əlavə, “ABAD” müxtəlif dövlət qurumları, o cümlədən Dövlət Məşğulluq Agentliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Mədəniyyət Nazirliyi və Penitensiar Xidmət arasında əməkdaşlıq platformasına çevrilib. Bundan başqa, “PAŞA Holdinq”, SOCAR, IDEA İctimai Birliyi və TİKA da layihəyə qoşularaq, “ABAD” platforması vasitəsilə sosial-iqtisadi təşəbbüslərini həyata keçirməyə başlayıblar.
- “ABAD” yarandığı gündən bəri əldə edilən ən mühüm nailiyyətlər hansılardır? Xüsusən hansı layihələrlə fəxr edirsiniz?
- Ötən dövr ərzində özünü doğrultma prinsipləri ilə fəaliyyət göstərən və əslində orta sahibkarlıq subyekti formatında bazar iştirakçısı olan “ABAD”ın fəaliyyətini uğurlu və faydalı kimi qiymətləndirirəm. Lakin bizim işimizə ən obyektiv qiyməti yalnız “ABAD” üzvləri verə bilərlər.
“ABAD”ın əsas uğuru məhz onun iştirakçılarıdır. Ümumilikdə, biz 640 mərkəz üzvünə xidmət göstərmişik və hazırda mərkəzimizə qoşulanlarla 517 aktiv müqaviləmiz var. Onlardan 309 iştirakçı və ya 60 faizi bizim dəstəyimiz sayəsində rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb.
“ABAD” layihəsinin əsas özəlliyi ondan ibarətdir ki, iştirakçılara istehsal prosesinin bütün mərhələlərində “İdeyadan rəfə qədər” yanaşması çərçivəsində dəstək göstərilir, son nəticədə isə müxtəlif məhsulların satışının təşkilinə diqqət yetirilir.
Satışlar korporativ müştərilər, supermarket şəbəkələri və etnobutiklər vasitəsilə həyata keçirilir. Layihədə hər il minlərlə vətəndaşın iştirakı sayəsində ölkədə 3 milyon manata yaxın əlavə məhsul istehsal olunur və bu rəqəm ildən-ilə artaraq idxaldan asılılığı azaldır.
Suvenir məhsulları da mühüm rol oynayır. Satışın həcmi illik 1 milyon manatdır və alıcıların böyük hissəsi xarici turistlərdir ki, bu da faktiki olaraq ixraca bərabərdir.
Fəaliyyət göstərdiyi müddətdə “ABAD” təkcə təbii məhsulların deyil, həm də əl işləri ilə bağlı suvenir məhsullarının brendi kimi özünü təsdiq edib.
Bu gün iştirakçılarımızın 76 faizini sənətkarlar təşkil edir ki, bu da Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına öz töhfəsini verir. Xatırladım ki, ölkəmiz 2006-cı ildən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyasının iştirakçısıdır.
Qürur duyduğumuz layihələr arasında Şəkidə Xan sarayının ərazisində yaradılmış Keramika və Tətbiqi Sənət Mərkəzi xüsusilə seçilir. Onun əsas məqsədi tarixi keramika ənənələrini qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir.
Mərkəzin fəaliyyəti və 2019-cu ildə keçirilən Keramika üzrə Beynəlxalq Simpozium sayəsində Şəki Avropa Keramika Marşrutuna (European Route of Ceramics) daxil edilib. Biz bu layihənin daha kiçik analoqunu Bakının Nardaran qəsəbəsində həyata keçirdik.
“Quba ABAD Factory” istehsal kompleksimiz xüsusi diqqətə layiqdir. Burada Quba və ətraf kəndlərdən olan iştirakçılar xammal gətirib hazır məhsul istehsal edə bilərlər.
- “ABAD”ın himayəsi altında çalışan ailələrin hansı uğur hekayələri var? Bu hekayələr başqa ailələr üçün ilham mənbəyinə çevrilirmi?
- Layihəmizin uğuruna aid bir neçə nümunə göstərəcəyəm. Üzvlərimizdən biri kənd yerlərində toyuq yumurtası yığmaqla məşğuldur. Bu, fikrimcə, ən dəyərli layihələrdən biridir, çünki o, xeyli sayda insanı cəlb edir. “ABAD” vasitəsilə hər ay 400 minə yaxın yumurta satılır. Sahibkar bizim dəstəyimiz sayəsində müxtəlif rayonlarda yüzlərlə kənd ailəsindən məhsul alır, pulunu yerindəcə ödəyir. Bu layihə yüzlərlə zəhmətkeş vətəndaşa sabit gəlir mənbəyi əldə etməyə və öz əməyinin nəticələrini hiss etməyə imkan verib.
Uğur hekayələri arasında pendir və bal istehsalı ilə məşğul olan sahibkarların fəaliyyəti də var. Onlar arıçılıq və südçülüklə məşğul olan yüzlərlə kənd ailəsini öz ətrafında birləşdirir, mahiyyətcə kooperativlər yaradırlar. Bu model biznesin inkişafına kömək etməklə yanaşı, kənd icmalarını da gücləndirir.
Soyuq preslənmiş yağlar və qoz-fındıq yağları hazırlayan bir qadın sahibkarın hekayəsi xüsusilə ruhlandırır. Bu iştirakçının məhsulları müştərilərin sevgisini qazanıb və bu gün üç böyük supermarketdə onun məhsulları üçün ayrıca stendlər ayrılıb.
Bu nümunələr “ABAD” layihəsinin mikro və kiçik sahibkarlara nəinki öz bizneslərini qurmağa, həm də mühüm uğurlar qazanmağa kömək göstərdiyini əyani nümayiş etdirir. Həqiqi uğur hekayələri digər iştirakçıları ruhlandırır, onları inkişaf etməyə və inamla irəliləməyə həvəsləndirir.
- Bu il regionlarda həyata keçirilən layihələr barədə bir qədər məlumat verərdiniz. Yeni sahələri əhatə edə bildinizmi?
- Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Qəbələ rayonunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Gənc arıçı” layihəsi həyata keçirilib. Bu layihə IDEA ictimai birliyi, “ABAD” publik hüquqi şəxs, Azərbaycan Respublikasının Gənclər Fondu və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə reallaşıb.
Layihə çərçivəsində seçilmiş 20 gəncə peşəkar mütəxəssislərin rəhbərliyi ilə biraylıq təlim keçirilib. Onlar işə başlamaq üçün lazım olan hər şeylə: arı ailələri, pətəklər, qoruyucu geyimlər, bal çıxaran maşınlar və digər avadanlıqlarla tam təmin olunublar. Onların arıçılıq fəaliyyətinə uğurla başlaması üçün hər cür şərait yaradılıb və iştirakçılar yüksəkkeyfiyyətli məhsul şəklində artıq ilk nəticələrini əldə ediblər.
Biz, həmçinin işğaldan azad edilmiş ərazilərdə fəal olmağa çalışırıq. Laçın və Qubadlının brend balı artıq bazara çıxarılıb, Kəlbəcər və Cəbrayıl rayonlarının balının brendləşdirilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sənətkarlıq istehsalı sahəsi ilə məşğul olmaq istəyən sakinlərdən də müraciətlər qəbul edilir.
“ABAD”ın imkanlarını təbliğ etmək və işğaldan azad edilmiş ərazilərə yeni iştirakçılar cəlb etmək üçün Füzuli, Şuşa, Laçın və Zəngilanın Ağalı kəndinə genişmiqyaslı səfərlər təşkil olunub. Yerli sakinlərlə görüşlər zamanı mütəxəssislər “ABAD”ın fəaliyyəti, layihədə iştirakın üstünlükləri, eləcə də müraciət edilməsi proseduru barədə ətraflı danışıblar. İşğaldan azad edilmiş ərazilərin sakinləri üçün yaradılmış əlverişli biznes mühitinə və güzəştli şəraitə xüsusi diqqət yetirilib. Görüş iştirakçıları onları maraqlandıran bütün suallara cavab alıblar ki, bu da həmin regionlarda layihəyə marağın güclənməsinə və sahibkarlığın inkişafına töhfə verib.
- Layihələriniz hansı bölgələrdə daha çox uğur qazanıb, hansı bölgələrdə isə daha çox iş görülməlidir?
- Bu suala “ABAD”ın təcrübəsinə əsaslanaraq cavab verə bilərəm. İstənilən layihənin uğuru obyektiv göstəricilər və nəticələrlə ölçülür. “ABAD” üçün bu, iştirakçıların sayı və qazanmağa kömək etdiyimiz pulun miqdarıdır.
Layihə iştirakçıları arasında Bakı lider mövqe tutur və ümumi həcmin 54 faizini təşkil edir. Paytaxt Bakının Azərbaycanın əsas iqtisadi mərkəzi və ən böyük bazarı olduğunu nəzərə alsaq, bu, təəccüblü deyil. Lakin paytaxtdan uzaqlaşdıqca nəqliyyat xərclərinin artması, vaxt məsələsi və ixtisaslı mütəxəssislərin çatışmazlığı kimi müəyyən çətinliklər yaranır ki, bu da regionlarda biznesin təşkilini çətinləşdirir.
Buna baxmayaraq, regionlar müxtəlif və rəqabətqabiliyyətli biznes layihələri yaratmağa imkan verən unikal xüsusiyyətlərə və resurslara malikdir. Hazırda üzvlərimizin 46 faizi ölkənin bütün iqtisadi rayonlarını təmsil edir. İştirakçıların sayına görə ikinci yeri 14 faizlə Şəki-Zaqatala iqtisadi rayonu tutur.
Tərəqqi və inkişaf daimi səy və yeni yanaşmalar tələb edən sonsuz bir prosesdir. Biz əminik ki, Azərbaycanın istənilən bölgəsində uğurlu biznes layihələri həyata keçirmək olar.
Qeyd etmək vacibdir ki, “ABAD” bazar iqtisadiyyatı şəraitində, dövlət subsidiyaları və imtiyazları olmadan fəaliyyət göstərir. Bütün fəaliyyətimiz, o cümlədən kommersiya layihələri və birbaşa satışlar öz gəlirlərimiz hesabına həyata keçirilir. Nə qədər çox qrant cəlb edə bilsək, bir o qədər çox layihə həyata keçirəcəyik və bir o qədər çox regionu əhatə edəcəyik ki, bu da ölkəmizin sakinləri üçün yeni imkanlar açır.
- Rüfət müəllim, sizcə “ABAD” modelini başqa ölkələrdə də tətbiq etmək olarmı? Belə bir istiqamətdə beynəlxalq əməkdaşlığa necə baxırsınız?
- Bildiyiniz kimi, “ASAN xidmət” Azərbaycanın dövlət xidmətləri sahəsində intellektual brendidir və BMT tərəfindən digər ölkələrdə istifadə üçün tövsiyə olunur. Hesab edirəm ki, “ABAD” modeli xaricdə də həyata keçirilə bilər. Agentliyimizin və “ASAN xidmət”in təcrübəsini öyrənmək üçün ölkəmizə gələn xarici qonaqlar onlarda böyük maraq doğuran “ABAD” layihəsi ilə tanış olurlar. Lakin hazırda bu sahədə real beynəlxalq əməkdaşlıq yoxdur.
- İlin yekunlarına əsasən daha çox hansı sahələrə diqqət yetirməliyik? 2025-ci il üçün əsas prioritetləriniz hansılardır?
- 2024-cü ili uğurlu hesab etmək olar. 2024-cü ilin 11 ayı üzrə göstəricilər onu deməyə imkan verir ki, biz ili 2,8-2,9 milyon manatlıq satış həcmi ilə başa vuracağıq. Müqayisə üçün deyim: 2023-cü ildə bu rəqəm 2,7 milyon manat təşkil edib.
Mühüm məqamlara gəlincə, deyə bilərəm ki, bazar iqtisadiyyatı və yüksək rəqabət şəraitində biz iştirakçılarımızın məhsullarının yüksək keyfiyyət standartlarına cavab verməsinə, qiymət və keyfiyyət arasında balansın isə qorunmasına xüsusi diqqət yetiririk.
“ABAD” olaraq bütün səylərimiz yalnız iştirakçıların sayını və onların məhsullarının satış həcmini artırmağa yönəlib. Bu kontekstdə 2025-ci ildə 3 milyon manatlıq satış həcmini keçərək bu istiqamətdə işi davam etdirəcəyik.