İtaliyanın paytaxtı Romanın simvolik tikililərindən olan Trevi fəvvarəsində təmir-bərpa işləri yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, fəvvarə üçaylıq bərpa işlərindən sonra yenidən ziyarətçiləri qəbul etməyə başlayıb. Vatikanda qeyd olunacaq Müqəddəs Yubiley İli çərçivəsində Roma bələdiyyəsi tərəfindən aparılan təmir-bərpa işləri 327 min avroya başa gəlib.
Tarixi binanın qarşısında həddindən artıq sıxlığın qarşısını almaq üçün girişlərin məhdudlaşdırılacağı, eyni anda 400 nəfərin içəri buraxılacağı və bu mərhələdə ziyarətçilərdən giriş haqqının alınmayacağı bildirilib. Eyni zamanda, bundan sonra fəvvarənin kənarlarında oturmağa icazə verilməyəcək.
Qeyd edək ki, barokko memarlığının nümunəsi sayılan Trevi fəvvarəsi XVIII əsrdə italyan memar Nikola Salvi tərəfindən Poli Sarayının fasadlarından birində inşa olunub. Burada sonuncu dəfə hərtərəfli bərpa işləri 2014-cü ildə aparılıb və il yarım davam edib. Fəvvarə Romanın hər il milyonlarla turistin ziyarət etdiyi görməli yerlərindən biridir.