Başqa bir Xorvatiya: Medjimurye xəzinələri

Xorvatiyanın Adriatik sahillərindəki şəhərləri elə də geniş təqdim etməyə ehtiyac yoxdur. Dubrovnik, Split, Zadar və digər dənizkənarı kurortlar turistlər arasında populyarlıq baxımından hər il ilk yerləri tutur. Bu sahil şəhərlərində pik mövsüm yay aylarıdır. Ancaq başqa bir, kontinental Xorvatiya da var. Buradakı həyatın alqoritmləri fəsillərə o qədər də bağlı deyil. Termal bulaqlar, təmiz çaylar, sıx meşələr və bərəkətli bağlar - bütün bu sərvətlər ilboyu mövcuddur. Medjimurye, Varajdin, Zaqorjedə turistləri müxtəlif dövrlərin tarixi görməli yerləri, orijinal mətbəx və yerli sakinlərin qonaqpərvərliyi cəlb edir. Bütün bunlara təfsilatı ilə nəzər salaq!

Ekoloji muzey, qlobal istiləşmə və qarğıdalı çubuqları

2023-cü ildən Xorvatiya Şengen zonasının bir hissəsidir və onun ərazisinə daxil olmaq üçün Azərbaycan vətəndaşları Şengen vizası almalıdır. Bakıda bu prosedur “VFS Global” vahid viza mərkəzi vasitəsilə həyata keçirilir. Hələlik Azərbaycan və Xorvatiya arasında birbaşa uçuş yoxdur, lakin bir çox rahat tranzit marşrutları var - İstanbul, Budapeşt, Varşava və digər şəhərlər vasitəsilə oraya uçmaq olar. Hətta bunu da nəzərə alsaq, ümumi uçuş müddəti 5 saat yarımı keçmir.

Zaqreb hava limanından avtomobillə ölkənin içərisinə doğru, dənizin əksi istiqamətində şimal-şərqə gedirik. Xorvatiyanın Sloveniya və Macarıstanla həmsərhəd olan bu hissəsi mövcud termal bulaqların bolluğuna görə ölkənin sağlamlıq kurortu hesab olunur. Müəssisələrdə ətraf mühitə həssas münasibət və yüksək təhlükəsizlik standartlarına əməl olunması sayəsində bu yerlər bol yaşıllığı, şəffaf təbii suyu və təmiz havası ilə məşhurdur. Bütün Medjimurye bölgəsi açıq səma altında ekoloji muzeydir. İlk olaraq oraya yollanırıq. Dərhal qeyd edək ki, “eko” prefiksi təkcə ekologiyaya aid deyil, həm də ümumiyyətlə bu yerlərin orijinallığı haqqındadır ki, bu barədə daha sonra öyrənəcəksiniz.

“Medjimurye” toponiminin mənşəyi Mura və Drava çaylarının yataqları arasında uzanan ərazinin coğrafi mövqeyi ilə əlaqədardır (xorvat dilində medci “arasında” deməkdir). Xorvat dili slavyan dillər qrupuna aiddir, ona görə də Xorvatiyada qaldığınız müddətdə tez-tez rus dili ilə paralellər tapacaqsınız.

Medjimuryeyə doğru bütün səyahət boyu yolun hər iki tərəfində sonsuz meşələr və tarlalar açılır. Hətta Xorvatiyanın şimalında belə iqlim olduqca mülayimdir. Oktyabr və noyabr aylarında ağaclar hələ də payızın rənglərinə bürünən sarı çalarlı rəngləri ilə diqqəti cəlb edir. Hava dəyişkən olsa da, kifayət qədər istidir. Gündüzlər günəşli olur, temperatur 17-20 dərəcəyə qədər qalxır, səhər və axşamlar hava təravətli və sərin olur. Qlobal istiləşmə bu bölgəyə də təsir edib. Yerli sakinlər deyirlər ki, 30 il əvvəl burada iqlim daha soyuq idi, amma indi qışda belə qarı çox az görmək olur.

Bu, hətta turistlər üçün də faydalıdır. Qışda istini kim sevməz ki?! Bununla belə, yerli flora və fauna, eləcə də yeni şəraitə uyğunlaşmalı olan təsərrüfatlar iqlim dəyişikliyindən əziyyət çəkir. Bu ərazilərdə kənd təsərrüfatı yaxşı inkişaf etdiyi halda, torpaqların təxminən 50 faizi bağlara və əkinlərə ayrılıb. İnsanlar burada qarğıdalı əkməyi xüsusilə sevirlər - onun qalın zoğlarına ən çox tarlalarda rast gəlinir. Bu bitkidən hazırlanan məhsulları - qarğıdalı çubuqları, qarğıdalı ununu əksər mağazaların rəflərində görmək olar. Həmçinin Xorvatiyanın şimal bölgələri kartof və alma ilə məşhurdur. Yeri gəlmişkən, Xorvatiyada bir bölgə və ya rayon “jupania” adlanır - bu, ənənəvi inzibati-ərazi vahididir. Medjimurye əyaləti ölkənin ən kiçik, lakin ən sıx məskunlaşdığı yerdir: təxminən 730 min kvadratkilometr ərazidə təqribən 105 min nəfər yaşayır.

Zrinskilərin mirası, əjdaha və 3D dəyirmanı

İki saatdan az bir müddətdə yol qət etdikdən sonra biz təxminən 27 min insanın yaşadığı Medjimuryenin paytaxtı və ən böyük şəhəri olan Çakoveçə çatırıq. Bu kiçik, baxımlı şəhər regionun biznes və təhsil mərkəzidir və Roma dövrünə aid zəngin tarixə malikdir. “Çakoveç” toponimi XIII əsrdə burada xəndəklə əhatə olunmuş möhkəm bir qala tikən macar şahzadəsi Çakanın adından gəlir. Sonradan, XVI əsrdə Xorvatiya hökmdarı Nikolay Şubiç Zrinski onun yerində İntibah üslubunda bir saray tikənə qədər, şəhər bir neçə dəfə yenidən qurulub. Zrinski ailəsinin qalası hələ də burada yerləşir və onun divarları arasında “Medjimurye xəzinələri” adlı tarix-diyarşünaslıq muzeyi yerləşir.

 

Bu yaxınlarda muzey əsaslı şəkildə yenidən qurulub. Nə qədər yetkinləşsək də, gördüyümüz hər şeyə əlimizlə toxunmaq və onu çevirib baxmaq arzusu bizi heç vaxt tərk etmir. Yeni muzey sərgisinin yaradıcıları məhz bunu nəzərə alıb və onu interaktiv ediblər. İndi bir düyməyə basmaqla siz xorvat dilinin yerli ləhcəsinin səsini dinləyə və ya mifologiyanın qəhrəmanı olan əjdahanın pəncələrini təqlid edərək ayaqlarınızın altındakı titrəmələri hiss edə bilərsiniz. Bəziləri yerli sənətkarların krujevasına daha yaxından baxmaq istəyir, çünki krujeva tikmək bu yerlərin ənənəvi sənəti hesab olunur. Digər iki yerli ənənə, uşaq oyuncaqlarının hazırlanması və zəncəfil bişirmə sənətləri (ürək formalı zəncəfil çörək) UNESCO-nun Ümumdünya Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Ümumilikdə, Xorvatiyanın mədəni dəyərlər reyestrinə Medjimuryenin 15 xalq ənənəsi, o cümlədən qızıl qablaşdırma və zərgərlik sənəti, ənənəvi keramika və digərləri daxildir.

Yerli adət-ənənələrlə tanışlığı davam etdirmək üçün Jabnik şəhərinin yaxınlığında yerləşən köhnə “Mlin na Muri” dəyirmanına gedə bilərsiniz. Bu, həm də Medjimurye Ekoloji Muzeyinin açıq hava sərgisinin bir hissəsidir. XX əsrin əvvəllərində quraşdırılan su dəyirmanının çarxı hələ də Mura çayının gur axan suları ilə fırlanır. Dəyirmanın ərazisində “Dəyirmançı Frans Jaların həyatından bir gün” adlı multimedia etnoqrafik sərgisi var. Dəyirmançının sənəti yerli sakinlər tərəfindən həmişə yüksək qiymətləndirilib. 3D texnologiyaları vasitəsilə nümayiş etdirilən eksponatlar Mura çayında dəyirmanın son sahibinin işi və həyatı haqqında daha çox məlumat əldə etməyə imkan verir. Dəyirmanın yaxınlığındakı meşə zolağında isə təbiətin qoynunda gəzintilər üçün piyada və velosiped yolları salınıb.

Balqabaq toxumu yağı, gibanitsa və keçmişdən qalan su

Medjimur qraflığını kəşf etmək üçün Çakoveçdən 4 kilometr şimalda, Maşkovçedə yerləşən “Mala Xija” (Kiçik Daxma) kimi ənənəvi restoranlarda yerli mətbəx nümunələrinin dadına baxmaq vacibdir. Bu müəssisə ənənəvi yeməklərin müasir şəkildə yenidən təfsiri ilə məşhurdur, həmçinin “Michelin” və “Gault & Millau” restoran bələdçilərinin tövsiyələri siyahısına daxildir. Burada yabanı göbələkdən hazırlanmış qaymaqlı şorba, yerli kartofdan hazırlanmış qarnir ilə qaymaqlı sousda mal əti medalyonları və qarğıdalı ununda qızardılmış çay sudakının dadına baxmaq olar.

Desert üçün xaşxaş toxumu, kəsmik, qoz-fındıq və almalı piroq qatı olan “Međimurska gibanitsa” götürün. Burada hər şeyi balqabaq toxumu yağı ilə yağlamağı unutmayın, onu Xorvatiyadakı restoranlarda həmişə masanın üstündə tapa bilərsiniz. Qozlu və ətirli bu ənənəvi məhsul həm əsas yeməklərdə, həm də desertlərdə ədviyyat qismində istifadə olunur.

İndi Medjimuryenin ən cazibədar məkanının yerləşdiyi Sveti Martin qəsəbəsi istiqamətində - Avropanın ilk müalicəvi kurortu adlanan “Terme Sveti Martin” termal kompleksinə doğru hərəkət etməyin vaxtıdır. Otel və üzgüçülük hovuzları olan bu kompleks 27 hektar toxunulmamış təbiət, mənzərəli meşəliklər olan təpələr və gözoxşayan təsərrüfatlarla əhatə olunub.

 

Avropanın ən qədim müalicəvi termal bulaqlarından biri olan “Terme Sveti Martin” bu yerlərin əsas dəyəridir. Su 800 metr dərinlikdən çıxarılır və onun orta temperaturu 37,5 dərəcə Selsidir. Bulaq 1911-ci ildə neft kəşfiyyatı zamanı aşkar edilib. Ehtimal olunur ki, bu, qədim Pannoniya dənizindən qalan suyun qalığıdır. Unikal mineral tərkibi sayəsində litium, selen, kalium, yod və digər elementlərlə zəngin su sağlamlıq üçün faydalıdır. Müxtəlif temperaturlu su ilə bir neçə qapalı və açıq hovuzda mineral vanna qəbul edə bilərsiniz.

 

Kompleksdə geniş çeşiddə tibbi xidmətlər təklif edən klinika da var. Kurort balanslaşdırılmış pəhriz də daxil olmaqla, sağlam həyat tərzini təşviq edir. Kompleksin restoranlarında yerli istehsal olan və ekoloji cəhətdən təmiz məhsullardan istifadə edilir. Müalicəvi vannalardan əlavə, qonaqlar kurortda qolf oynamaq və ya “Martilandia” adlı akvaparkda slaydlarda gəzmək kimi müxtəlif xidmətlərdən yararlana bilərlər.

Son söz əvəzi

Biz Medjimuryedən ayrılıb qonşu Varajdin şəhərinə - eyni adlı mahalın paytaxtına gedirik. Onun çiçəklənməsi XVIII əsrin sonlarında, bu şəhərin Xorvatiyanın paytaxtı olduğu vaxta təsadüf edir. Həmin dövrdən burada şəhərin ən tanınan rəmzlərindən biri olan qar kimi ağappaq feodal qalası və bir çox başqa görməli yerlər günümüzə qədər qorunub saxlanılıb. Siz, həmçinin məşhur Neandertal Muzeyi və “Terme Tuchel” kurort kompleksinin yerləşdiyi Krapinsko-Zaqorska dairəsi haqqında məlumatlar da ala biləcəksiniz. Maraqlı olacaq!