Bakıdan səhər saatlarında çıxmışdıq. Azərbaycanın ilk ödənişli avtomobil yolu ilə Qubaya necə gəlib çatdığımızı heç bilmədik. Payızın gəlişindən xəbərsiz alma bağlarında zəhmətkeş kənd adamlarının böyük həvəslə meyvə yığımı bu yerlərin bərəkətindən xəbər verirdi.
Əsas işimiz Qubadan sonra başladı. Yolumuz Xınalığa idi. Dövlət Turizm Agentliyi “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil etmişdi. Rayon mərkəzindən Xınalığa qədər uzanan 57 kilometrlik yol asfalt olsa da, burada nəqliyyatın hərəkəti ərazinin coğrafi relyefinə görə heç də asan deyildi.
AZƏRTAC xəbər verir ki, “Xınalıq UNESCO-da 1 il” mövzusuna həsr olunmuş turda 40-dan çox media təmsilçisi iştirak edirdi. Xınalığa çatmamış bizi xına rəngli qayalar, başı ağ örpəyə bürünmüş dağlar, dərələrə doğru ilan kimi sürünən duman və uzanıb gedən Qudyalçay qarşıladı. Yolumuzun üstündəki Cek kəndi də adi kimi hamımızda maraq doğurdu. Onu da öyrəndik ki, burada yaşayanlara ceklilər və ya ceklər deyirlər. Dolanbac yollarla sərt döngələrdən keçən, bomboz çılpaq dağların yanından şütüyən maşınımız axır ki Xınalığa yetişdi...
Beş min illik yaşı olan müqəddəs məkan
Bakıdan 240 kilometr uzaqda yerləşən bu kəndin adına Xınalıq və ya yerli dildə Kətiş deyirlər. Kəndin adının mənşəyi ilə bağlı bir neçə versiya var. Rəvayətə görə, kəndin adı burada başı buludlara dəyən xına rəngli dağlardan götürülüb. Qədim zamanlardan indiyə qədər Xınalıq kəndi və əhalisi özlərini "Kətş xalqı", öz kəndlərini isə "Kətiş" adlandırırlar. Bu sözlərin mənası "müqəddəs" deməkdir.
Dünyanın ən yüksək yaşayış məntəqələrindən olan bu ərazi dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşir. Beş min il yaşı olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. Qudyalçayın şərq hissəsində yerləşən Xınalıqda dağ mənzərəsi üstünlük təşkil edir. Rəvayətlərə görə, xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Xınalıqlılar Azərbaycanın ən qədim sakinlərindən sayılır. Bu etnos dünyada yeganə dilə və yaşayış məskəninə mənsubdur. Yəni dünyanın etnik xəritəsində ancaq bir Xınalıq kəndi və yeganə Xınalıq dili mövcuddur ki, bu da Azərbaycanın Quba rayonuna məxsusdur.
Yaşını unudan Həcər nənə, hamıdan çox sevinən uşaqlar
Xınalığa gəlişimizə elə bil hamıdan çox uşaqlar sevinmişdi. Çünki onlar durmadan hey sağa-sola qaçır, bizimlə doğma yerləri sanki yenidən “kəşf” edirdilər. Onların sevincinin bir səbəbi də nənələrinin, analarının toxuduqları rəngbərəng, bir-birindən zərif corabları satmaq həvəsi idi. Düzü, heç bilmədim həmkarlarımızdan kimsə bu balacaları sevindirə bildi, ya yox.
Kənd yerlərində unudulmaz bir adət var. Yaşlı adamlar öz evlərinin çöl girişində (bəzi bölgələrdə buna doqqazın ağızı da deyirlər) oturub gəlib-gedənlə hal-əhval tutarlar. Elə Həcər nənə kimi. Yaşını unutsa da, öyrəndik ki, artıq 9 onilliyi arxada qoyub, bir əsrin dizini qatlamağa hazırlaşır. Burada doğulub, elə ömrünü at belində bu dağlarda keçirib. Bizi mehriban baxışları ilə süzüb hər sualımıza təbəssümlə cavab verdi. Jurnalistlərdən birinin ona verdiyi kiçik hədiyyəni “bunu neyləyəcəyəm dişim də yoxdur” deyə qəbul etmək istəmədi. “Nəvələrinə verərsən” sözünü eşidən kimi sakit baxışı ilə təşəkkürünü bildirdi. Axı boş yerə deyilməyib ki, nəvələr nənələrin valerianıdır.
Gəzinti zamanı kəndçi Sərxanın əl dəyirmanında hazırladığı qurut-çoban yeməyi, nalbənd Mahirin at nallaması da gəzintimizə xüsusi rəng qatdı. Nalbənd dedi ki, ata ildə 6 dəfə nal vurulur. Son illər bu yerlərə xarici turistlər tez-tez gəldiyindən at həm də burda yaşayanlar üçün bir gəlir mənbəyidir.
Turistlərin Xınalığa gəldiyini bilirdik, amma payızın bu oğlan çağı onları burada görəcəyimizə düzü inanmırdıq. Elə nalbənddən yeni ayrılmışdıq ki, bir neçə xarici turistlə qarşılaşdıq. Onlardan biri də İtaliyadan gəlmiş Valerio Fazio idi. O bildirdi ki, Xınalıq haqqında internetdən məlumat əldə etdikdən sonra bu yerləri görməyi qərarlaşdırıb: “Kəndin dağlar arasında yerləşməsi və insanlarının adət-ənənələrinə bu qədər sadiq olması təqdirəlayiqdir. Mən də bir gecəni burada keçirməkdən çox məmnunam, bu, mənim üçün tamamilə gözəl bir təcrübə oldu. Çox şadam ki, Azərbaycana, bu gözəl ölkəyə gəlməyə qərar verdim. Xınalıq kəndi öz mövqeyinə görə tamamilə heyrətamizdir”.
Keçmiş tarixi yaşadan yeni qurulan evlər
Dövlət Turizm Agentliyinin tabeliyində “Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu 2023-cü il sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə yaradılıb. Bundan bir neçə gün sonra, yəni sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya irs siyahısında daxil edilməsinə dair qərar qəbul olunub.
Tarixən Xınalıq sakinlərinin əsas məşğuliyyəti köçəri maldarlıq olub. Köçəri həyat tərzi onların adət-ənənələrində, dillərində, inanclarında özünü göstərir. Köç marşrutunun uzunluğu 200 kilometrdir. Marşrut beş inzibati rayonun - Qusar, Quba, Şamaxı, Qobustan və Hacıqabulun ərazisindən keçir.
Mediatur zamanı Xınalıq və Köç yolu mədəni landşaftının Ümumdünya irsi elan olunduqdan sonrakı bir il ərzində görülən işlərlə tanış olduq. Öyrəndik ki, artıq "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda strukturlaşdırma işləri tamamlanıb. Həmçinin UNESCO Dünya İrs Komitəsinin qaydaları əsasında bərpa-konservasiya sahəsinə dair vacib sənədlər hazırlanıb, qoruqla bağlı məlumat bazasının yaradılması üzrə işlərə başlanılıb.
Qısa vaxtda Xınalığın əsas mədəni irs atributlarını özündə daşıyan memarlıq elementlərinin qorunması və konservasiyası istiqamətində Dövlət Turizm Agentliyi tərəfindən mühüm işlər görülüb. Kənd ərazisindəki evlərdə aparılan təmir və bərpa işləri növbəti illərdə də davam etdiriləcək. Belə ki, kəndin memarlığının özündə daşıdığı tarixi dəyərləri qorumaq məqsədilə 2020-ci ildən etibarən Xınalıq kəndində qəzalı vəziyyətdə olan 60 evin bərpası üçün layihələndirmə işləri aparılıb, 41 ev isə tamamilə təmir-bərpa olunaraq əhalinin istifadəsinə verilib. Növbəti iki ildə daha 19 evin təmir-bərpası planlaşdırılır. Xınalıq kəndindəki evlər əsasən iki mərtəbədən ibarət olduğu üçün ümumilikdə təmir-bərpa olunan sahə kifayət qədər genişdir və 18 min kvadratmetrdən çox ərazini əhatə edir. Görülən təmir-bərpadan sonra buradakı evlər öz keçmiş görkəmini alıb və yenidən Xınalıq tarixinin bir parçasına çevrilib. İşlərin aparılmasında əsas çətinlik Xınalıq kəndinin dağlıq relyefə və sərt iqlimə malik olması, buradakı hava şəraitinin ilin yalnız 5 ayında (may-sentyabr) tikintinin aparılmasına imkan verməsi ilə bağlıdır.
Artıq gəzintimiz yekunlaşır, xatirə olaraq Xınalıqda şəkil çəkdirib gəldiyimiz yollarla geri qayıtmağa tələsirik. Təkcə bizmi tələsirik? Yox, elə günəş də son şəfəqlərini dağlardan çəkir, çobanlar da sürülərini qışlağa doğru tələsdirir. Axı bu yerlərə qışın gəlməyinə sayılı günlər qalıb, elə bizi qarşılayan duman da zirvəyə doğru sürünüb gözdən itməyə çalışır. Şair demiş: “Duman, salamat qal, dağ, salamat qal...”