“Mən çox şadam ki, Azərbaycana, bu gözəl ölkəyə gəlməyə qərar verdim. Xınalıq kəndi öz mövqeyinə görə tamamilə heyrətamizdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Xınalıq kəndinə təşkil etdiyi mediaturda jurnalistlərə müsahibəsində İtaliyadan gəlmiş turist Valerio Fazio deyib.
O bildirib ki, Xınalıq haqqında internetdən məlumat əldə etdikdən sonra bu yerləri görməyi qərarlaşdırıb. “Kəndin dağlar arasında yerləşməsi və insanlarının adət-ənənələrinə bu qədər sadiq olması təqdirəlayiqdir. Mən də bir gecəni burada keçirməkdən çox məmnunam, bu, mənim üçün tamamilə gözəl bir təcrübə oldu”, - deyə italiyalı qonaq vurğulayıb.