Naftalanın hotel və müalicə mərkəzlərində istirahət edən və müalicə alanlar arasında Qazaxıstandan olan turistlər 33 faizlə üstünlük təşkil edir. Rusiyadan olanlar 19 faiz, Özbəkistan vətəndaşları 12 faiz, digər Avropa və Baltikyanı ölkələrdən gələnlər isə 36 faiz olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Naftalanın hotel və müalicə mərkəzlərində keçirilən rəy sorğusunda qeyd olunub.
Turizm xidməti keyfiyyətinin yüksəldilməsi məqsədilə Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə hotel və müalicə mərkəzlərində keçirilən rəy sorğusunda 45 faizi yerli, 55 faizi isə xarici olmaqla, 80-ə yaxın turist iştirak edib.
Respondentlərin 49 faizi müalicənin keyfiyyətini, 36 faiz qiymətlərin münasib olmasını, 10 faiz mövsüm endirimlərini, 5 faiz isə digər şərtləri nəzərə alaraq Naftalanı seçib.
Pasiyentlərin 49 faizi dayaq-hərəkət, 29 faizi revmatik, 13 faizi dəri, 4 faizi isə uroloji və digər xəstəliklərdən əziyyət çəkənlərdir.
Sorğu iştirakçılarının 90 faizi turizm obyektlərinin xidmət səviyyəsindən və yerləşdirmədən razılıq edib.
Sorğunun keçirilməsi beynəlxalq turizm mərkəzi olan Naftalanda xidmət səviyyəsinin müəyyən edilməsi və yaxşılaşdırılması məqsədi daşıyır. Həmçinin, sorğu şəhərin turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə imkan verir.