Erməni işğalçıları Ağdamdakı İmarət kompleksini demək olar ki, tamamilə məhv ediblər - Xarici ekspert

Erməni işğalçıları Ağdamdakı İmarət kompleksini demək olar ki, tamamilə məhv ediblər.

Bu barədə Trend-ə bərpa işləri üzrə xarici ekspert Alessandro Bianki Ağdam şəhərindəki İmarət kompleksi ilə tanışlıq zamanı bildirib.

"Qarşılaşdığımız mənzərə dəhşətverici idi. Bütün ərazi viran qalmışdı. Zədələnmiş kompleksin və məzarlığın bərpasını planlaşdırmaq üçün böyük səylər göstərdik. İlk dəfnlərin yerlərini tamamilə itirdiyimiz üçün Azərbaycan Milli Elmlər Akademiyası, Arxeologiya və Antropologiya İnstitutuna müraciət etdik", - o vurğuladı.

Ekspert həmçinin qeyd etdi ki, keçən il İmarət kompleksinin bərpası üçün böyük işlər görülüb. Eyni zamanda, ərazinin qalan hissəsi üçün problemlərin həlli variantları araşdırılıb.

"İşimizin nəticəsindən çox məmnunuq. İndi Azərbaycanın tarixi üçün bu vacib abidə hakimiyyətə qaytarılıb və müharibədən sonra ölkənin dirçəlişi və bərpasının simvoludur", - əlavə etdi.

 

Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Saray Azərbaycan ərazisində inşa edilmiş digər xan saraylarından fərqli olaraq dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb.

Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət kompleksində yerləşib. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər buradakı qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də bədnam qonşularımız tərəfindən dağıdılıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ildə Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işlərinə başlanılıb. Ərazisi 3,3 hektar olan kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir.