Türkiyə mediası: Qarabağda antiterror əməliyyatı Azərbaycanın gücünün daha bir nümayişi oldu

Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatının ildönümü ilə bağlı materiallar hazırlayıb.

AZƏRTAC xəbər verir ki, televiziya reportajlarında və xəbər materiallarında 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi bu əməliyyatın erməni separatizmini regionunun gündəliyindən sildiyi, respublikanın suverenliyini tam bərpa etdiyi bildirilir.

“HaberGlobal” telekanalının reportajında vurğulanıb: “Azərbaycan Silahlı Qüvvələrinin birgünlük antiterror əməliyyatı Vətən müharibəsində tarixi Zəfərin davamı, Azərbaycanın gücünün daha bir nümayişi oldu”.

Telekanal xatırladıb ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq, Ermənistan silahlı qüvvələrinin hissələri Qarabağ bölgəsi ərazisindən tamamilə çıxarılmamışdı. Əksinə, Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin təchizatı, həmçinin yeni mühəndis-istehkam qurğularının tikilməsi cəhdləri edilirdi. Paralel olaraq, kəşfiyyat-diversiya qruplarının təxribatları və ərazilərin minalanması cəhdləri də davam edirdi.

Diqqətə çatdırılıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan həmin il sentyabrın 2-də separatist qurumun nümayəndələrinə təbrik məktubu göndərib, sentyabrın 9-da isə Qarabağda qanunsuz rejimin başçısının qondarma seçkiləri təşkil olunub.

Reportajda vurğulanıb: “Baş verən bütün bu proseslərə cavab olaraq, Prezident, Ali Baş Komandan İlham Əliyev lokal xarakterli antiterror əməliyyatının keçirilməsinə dair düşünülmüş və vaxtı çatmış növbəti qərar qəbul etdi. Qarşıya qoyulan bütün vəzifələr yerinə yetirildi”.

Telekanal diqqəti əməliyyat zamanı daha sürətli uğur qazanılmasında mühüm rol oynayan yüksək dəqiqliyə malik silahlar və radioelektron stansiyalardan istifadə edilməsinə yönəldib. Beləliklə, regional sülhə təhdid aradan qaldırılıb.

Anadolu agentliyi antiterror əməliyyatının ildönümü ilə bağlı xəbər materialında diqqəti erməni terrorçularının başçılarının saxlanılmasına çəkib və qeyd edib ki, onlar ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

Agentlik qeyd edib ki, birgünlük əməliyyat zamanı 204 azərbaycanlı hərbçi şəhid olub.

Sonrakı aylarda Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisini tərk edib və işğaldan azad olunmuş ərazilərin genişmiqyaslı bərpa işlərinə başlanılıb.

TRT AVAZ və “BengüTürk” telekanalları da Azərbaycanın Qarabağ ərazisində antiterror əməliyyatının ildönümü ilə bağlı reportajlar yayımlayıb.

Gallery