Türkiyəli ekspert: Rusiya və İranın Cənubi Qafqazla bağlı mövqeləri fərqlidir

Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması məsələsində Rusiya və İranın mövqeləri ciddi şəkildə fərqlənir. Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrovun sülh perspektivləri ilə bağlı bəyanatlarına cavab olaraq rusiyalı səfirin İran Xarici İşlər Nazirliyinə çağırılması da bunu sübut edir. AZƏRTAC xəbər verir ki, bu fikri Ankaradakı Hacı Bayram Vəli Universitetinin dosenti İsmayıl Sarı bildirib.

Ekspertin fikrincə, 44 günlük Vətən müharibəsinin nəticələri regionda kommunikasiyaların açılması perspektivlərini tədricən yaxşılaşdırır və bu, son nəticədə Cənubi Qafqazda qüvvələr balansının bütün spektrini dəyişəcək.

Ekspert əlavə edib: “Cənubi Qafqazda kommunikasiyaların bərpası təkcə Azərbaycan və Türkiyəyə deyil, həm də Rusiyaya ciddi strateji dividentlər gətirə bilər. Bu, Moskvaya xarici təzyiqləri azaltmağa imkan verəcək və Rusiyanın xarici ticarəti üçün yeni stimul olacaq”.

İsmayıl Sarı qeyd edib ki, Moskva Cənubi Qafqazda kommunikasiyaların bərpası ideyasında israrlıdır, İran isə şimal sərhədlərində status-kvonu saxlamaq istəyini gizlətmir. Onun sözlərinə görə, Tehran Türkiyə və Azərbaycanın mövqelərinin möhkəmlənməsindən narahatlığını gizlətmədən, eyni zamanda, Moskvaya artan inamsızlığını nümayiş etdirir. “Tehran Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın şərq rayonları arasında kommunikasiyaların açılmasını İranın Avropa bazarlarına çıxış yollarının minimuma endirilməsi istiqamətində atılacaq addım hesab edir. Yəni, İranın Qərblə əlaqələri üçün yalnız bir variantı olacaq, o da Türkiyə vasitəsilə. Eyni zamanda, Ankara və Bakı İranın tranzit imkanlarına marağını itirəcək ki, bu da Tehranı Şərqlə Qərb arasında İpək Yolunun “alqoritmindən” çıxaracaq”, -deyə Sarı bildirib.

Ekspert qeyd edib ki, İran tərəfinin “təhdid ritorikası” istisna olmaqla, regiondakı proseslərə qarşı mübarizə aparmaq üçün konkret planı yoxdur. O, buna misal olaraq, İranın xarici işlər naziri Abbas Araqçinin sentyabrın 5-də qonşu ölkələrin ərazi bütövlüyü ilə əlaqədar “qırmızı xətlər”lə bağlı bəyanatını göstərib.

Sarı qeyd edib ki, Tehrandan fərqli olaraq, Rusiya regionda əməkdaşlıq üçün çoxvektorlu kursa sadiqdir və bu kursa Ankara və Bakı ilə qarşılıqlı əlaqələr də daxildir. İran isə “3+3” formatının zəifləməsi ilə nəticələnə biləcək təhdid və təzyiq ritorikasına üstünlük verir.

Türkiyəli ekspert vurğulayıb: “İran tərəfi, həmçinin Rusiya Federasiyasının BƏƏ-nin Fars körfəzindəki iki mübahisəli adaya sahib olmasını dəstəkləyən son bəyanatlarını xatırlayır. Bütün bunlar İran və Rusiya Federasiyası arasında “strateji tərəfdaşlıq” təminatlarını şübhə altına alır”.

Hacı Bayram Vəli Universitetinin dosenti hesab edir ki, bu gün əsas məsələ Rusiya və Azərbaycanın regiondakı proseslərə yaxından nəzər salmaq fonunda İranı Cənubi Qafqazdakı yeni reallıqları tanımağa sövq etməsidir.