Ermənistan və Azərbaycanın ən qısa müddətdə sülh sazişi imzalamaq üçün real şansları var.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın ölkənin xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.
"Hesab edirik ki, qısa müddətdə sülh sazişi imzalamaq və Cənubi Qafqazda uzunmüddətli sabitlik səhifəsini açmaq üçün real imkan var", - o qeyd edib.
XİN rəhbəri vurğulayıb ki, İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıblar.
Qeyd edək ki, Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında deyib ki, sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb.
"Biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu mümkündür", - Prezident İlham Əliyev bildirib.
Sülh müqaviləsinin mətnin təqribən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib:
“Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlilik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək”.