Azərbaycan regionda sabitliyin təmin edilməsinin gözəl nümunəsidir - Viktor Orban

Azərbaycan regionda sabitliyi təmin etməkdə mükəmməl bir nümunədir.

Trend xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban jurnalistlərə bildirib.

"Azərbaycan sülhə necə nail olmağın nümunəsidir. Öz potensialınızı sabitlik yaratmaq üçün necə istifadə edəcəyinizi bilirsiniz", - Orban Çernobbioda keçirilən "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusunda beynəlxalq forumun kuluarlarında bildirib.

Xatırladaq ki, İtaliyanın “The European House - Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil olunan “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 50-ci yubiley Beynəlxalq Çernobbio Forumu (TEHA Forumu) işə başlayıb.

Forumda 6 ölkənin dövlət və hökumət başçıları, İtaliyanın 13 yerli icraedici orqanının rəhbəri və 11 nazir, ümumilikdə isə 27 ölkədən siyasi, akademik, institusional və biznes sahəsində məruzəçilər və qonaqlar iştirak edəcəklər. Hər il 300 məruzəçinin iştirak etdiyi, 400-dək jurnalistin işıqlandırdığı tədbirin baş tutması üçün 1300-dən çox insan çalışır. Forum İtaliya üçün təxminən 4 milyon avro sosial-iqtisadi təsirə malikdir və ÜDM-ə 2 milyon avro töhfə verir.