Rusiya Prezidenti BAM-ın inşaatçılarını təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Baykal-Amur Magistralının (BAM) tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş bayram tədbirinin iştirakçılarına təbrik mesajı göndərib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Vladimir Putin BAM-ın ölkənin vahid nəqliyyat sistemindəki əhəmiyyətini vurğulayıb. RF dövlət başçısının təbrikində deyilir: “Bu gün Baykal-Amur magistral xətti ölkənin vahid nəqliyyat sisteminin mühüm, ayrılmaz tərkib hissəsidir, Sibir və Uzaq Şərqin geniş ərazilərinin iqtisadi inkişafında əsas halqadır. BAM Sakit okean regionu, daxili iqtisadiyyat və bütün Avrasiya üçün etibarlı nəqliyyat marşrutu təmin edib”.

Rusiya Prezidentinin sözlərinə görə, ölkənin müxtəlif bölgələrində bu yubileyə təntənəli yığıncaqlar, idman və mədəniyyət tədbirləri həsr olunsa da, bayramın əsas mərkəzi BAM-ın paytaxtı Tında şəhəridir. O xatırladıb ki, yarım əsr əvvəl Baykal-Amur magistral xəttinin tikintisi milli problemlərin həlli üçün yüz minlərlə mülki mütəxəssisi və dəmir yolu əsgərini bir araya gətirib. İnşaatçıların, fəhlələrin, tədqiqatçıların, digər peşə sahiblərinin ruh yüksəkliyi və fədakarlığı, gərgin əməyi sayəsində kilometrlərlə polad yollar, texniki qurğular, körpülər, tunellər salınıb. Putin əlavə edib ki, bu magistralın inşası ilə yeni qəsəbə və şəhərlər, dəmiryol vağzalları meydana çıxıb, Sibir cəsarətli ideyaların və planların meydana çıxdığı məkana çevrilib.

Vladimir Putin qeyd edib ki, bu strateji magistralın aktuallığını həyatın özü sübut edib. Onun sözlərinə görə, gündəliyə BAM və Trans-Sibir Dəmir Yolunun daha da modernləşdirilməsi, onların ötürücülük qabiliyyətinin artırılması, dəmir yolu infrastrukturunun yenilənməsi daxildir.

Putin BAM veteranlarına, habelə indiki nəsil dəmiryolçulara və inşaatçılara uğurlar arzulayıb, onlara ən xoş arzularını çatdırıb.

Xatırladaq ki, 50 il əvvəl (1974-cü ildə) Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Baykal-Amur dəmir yolunun tikintisi haqqında” qərar qəbul ediblər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbər kimi müstəsna rol oynadığı tikinti 10 il ərzində çətin iqlim və geoloji şəraitdə aparılıb, 1984-cü ilin oktyabrında magistralın bütün uzunluğu boyunca qatarların hərəkəti başlayıb. Hazırda BAM İrkutsk vilayəti, Trans-Baykal bölgəsi, Amur vilayəti, Buryatiya və Yakutiya, Xabarovsk vilayətinin ərazisindən keçən dünyanın ən uzun dəmir yolu xətlərindən biridir. Bu, Rusiyanın Sakit okeana ikinci (Trans-Sibir ilə birlikdə) dəmir yolu çıxışıdır.

Qeyd edək ki, bu il aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur dəmir yolunun tikintisinə başlanmasının 50 illiyi münasibətilə BAM veteranları və işçiləri ilə birgə görüşü olub.

Rusiya Prezidentinin qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyev avtomobil yolunun çəkilişində çox mühüm rol oynayıb, hökumət komissiyasına rəhbərlik edib, dəfələrlə tikinti meydançalarında olub.

Vladimir Putin deyib: “Əslində o, bütün Sovet İttifaqı üçün vacib olan bu möhtəşəm layihənin təşkilatçılarından biri idi. Biz bunu nəinki bilirik, həm də xatırlayırıq və ona çox minnətdarıq, onun xatirəsini yaşadırıq”.

İclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb: “Biz, həmçinin BAM-çılara və inşaatçılara, Rusiyanın bütün nəqliyyatçılarına Heydər Əlirza oğlunun xatirəsini əbədiləşdirdiklərinə görə minnətdarıq - Anqoya qəsəbəsindəki vağzal onun adını daşıyır. BAM-çıların da yaxşı bildiyi kimi, o, Bratskdan Vladivostoka və Naxodkaya qədər çətin şəraitdə, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb”.