Türkiyənin xarici işlər naziri Fransanı ikiüzlülükdə ittiham edib

Bakı, 14 aprel, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu YPG/PKK terror qruplaşmasının başçılarına ev sahibliyi etdiyinə görə qınayıb və bunun terrorla mübarizədə "ikiüzlülüyün ən yaxşı nümunəsi" olduğunu deyib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Mövlud Çavuşoğlu misirli həmkarı Sami Şükri ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib: “PKK Avropa İttifaqının terrorçu təşkilatlar siyahısına daxil edilib, terror təşkilatı kimi tanınıb. Bu qruplaşma Fransada da terror təşkilatıdır. Təəssüflər olsun ki, Fransada senatorlar, deputatlar bu terrorçularla, qanlı terror təşkilatının nümayəndələri ilə bir araya gəlir, onlara mükafatlar verirlər.

M.Çavuşoğlunun bu sözləri fransız deputatın Fransadakı YPG nümayəndəsi ilə fotosunu tviterdə paylaşmasından bir gün sonraya təsadüf edib. Türkiyəli nazir əlavə edib: “Onları bir tərəfdən terrorçu adlandırır, digər tərəfdən dəstəkləyirlər. Bu, təkcə Fransada deyil, ABŞ-da da baş verir. Üstəlik, onların dəstəyi bu səviyyə ilə məhdudlaşmır".