Ankarada Türkiyə və Misir xarici işlər nazirlərinin görüşü olub

Bakı, 13 aprel, AZƏRTAC

Ankarada səfərdə olan Misirin xarici işlər naziri Sami Şükri türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə iki ölkə arasında diplomatik münasibətlərin tam bərpası, həmçinin birgə layihələrin həyata keçirilməsini müzakirə edib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, nazirlər arasında təkbətək və geniş heyətdə keçirilən görüşlərdən sonra mətbuata açıqlama verən Mövlud Çavuşoğlu deyib: “Misir ilə açdığımız yeni səhifənin birgə layihələr və uğur hekayələri ilə zəngin olmasını istəyirik. Bundan sonra Liviya məsələsində daha yaxın əməkdaşlıq şəraitində iş aparacağıq”.

Sami Şükri isə Misirin Türkiyə ilə daha yaxın əlaqələr qurmaqda maraqlı olduğunu bildirib. O söyləyib: “Türkiyə-Misir münasibətlərinin daha fəal fazaya daxil olması və bütün sahələrdə inkişafı üçün bizim arxamızda güclü siyasi iradə var”.

Xatırladaq ki, Ankara və Qahirə arasında diplomatik münasibətlər 2013-cü ildən bəri müvəqqəti işlər vəkilləri səviyyəsində həyata keçirilib. Ötən il futbol üzrə dünya çempionatında Qətər Əmirinin vasitəçiliyi ilə görüşən Misir və Türkiyə prezidentləri Əbdülfəttah Əs-Sisi və Rəcəb Tayyib Ərdoğan əlaqələrin bərpasına dair razılığa gəliblər.