Zaxarova: Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanmasına kömək üzrə Rusiyanın səyləri zəifləmir

Moskva, 12 aprel, AZƏRTAC

Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanmasına kömək üzrə Rusiyanın səyləri zəifləmir.

DHA Press xəbər verir ki, bu barədə brifinq zamanı Rusiya Federasiyası XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

M.Zaxarova deyib: “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh sazişinin hazırlanmasında Rusiyanın bu ölkələrə hərtərəfli kömək üzrə səyləri zəifləmir. Tərəfdaşlar bizim ərazidə ikitərəfli danışıqların növbəti raundunun keçirilməsi təklifini qəbul ediblər. Bütün məsələlər üzrə yekun qərar qəbul edildikdən və bizim bu informasiyanı ictimailəşdirmək imkanı olduqdan sonra konkret tədbirlərin tarixi barədə məlumat verəcəyik”.

Azərbaycan və Ermənistan sərhədində dünənki insidentdən danışan RF rəsmisi qeyd edib ki, “bu köhnə münaqişənin nizama salınması ilə heç vaxt məşğul olmamış başqa aktorların və ya strukturların oraya cəlb edilməsi bəyan edilmiş sülhə nail olunmasına səmərə verməyəcək, əksinə, ya istifadə olunacaq, ya da gərginləşmə və qeyri-sabirliyə gətirib çıxaracaq, tərəfləri nəzərdə tutulan dinc nizamlanmanın əldə edilməsindən uzaqlaşdıracaq”.