Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 4-də Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov etimadnaməsini Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisiyə təqdim edib.
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı (MƏR) səfirliyindən DHA Press-ə verilən məlumata görə, təqdimat mərasimində səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Misir Prezidentinə çatdırıb. Qeyd edib ki, cari ilin yanvar ayında Misir Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açıb. Azərbaycan tərəfinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə daim hazır olduğunu bildirib.
Öz növbəsində Əbdülfəttah Əs-Sisi, onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Xalqların rifahı naminə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə Misir tərəfinin hazır olduğunu diqqətə çatdırıb.