Antiterror tədbirlərində heç bir mülki obyektə, əhaliyə zərər yetirilmədi - Hikmət Hacıyev

Bakı. Trend:

Azərbaycan tam lokal, məhdud şəkildə antiterror tədbirləri həyata keçirdi. Azərbaycan çox diqqətlə və həssaslıqla bu tədbirləri həyata keçirdi, heç bir mülki obyektə, əhaliyə zərər yetirilmədi.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Azərbaycan antiterror tədbirləri barədə Qarabağda yaşayan mülki əhaliyə xəbərdarlıq göndərildi ki, onlar hərbi obyektlərin uzaqlaşıb təhlükəsiz yerlərdə dursunlar.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.