Bakı. TurkicWorld:
Qazaxıstanla ortaq düşmənimiz FETÖ terror təşkilatı ilə mübarizədə atılacaq addımları müzakirə etdik.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Qazaxıstanın XİN rəhbəri Murat Nurtleu ilə ortaq mətbuat konfransında çıxışı zamanı deyib.
"Türkiyə Qazaxıstanın ərazi bütövlüyünü dəstəkləyir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkədə keçirdiyi islahatları yaxından izləyirik", - deyə o əlavə edib.
H.Fidan onu da bildirib ki, Türkiyə ilə Qazaxıstan beynəlxalq və regional əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib.
"Türkiyə-Qazaxıstan əməkdaşlığı artır. Ölkələrimiz arasında ticarət həcmində 60 faiz artım qeydə alınıb. Müdafiə sənayesi sahəsində əməkdaşlığımızı gücləndirməyə çalışırıq. Qazaxıstan Türk Dövlətləri Təşkilatına sədrlik edəcək. Türkiyə olaraq Qazaxıstana dəstəyimizi davam etdirəcəyik", - deyə o qeyd edib.
Qeyd edək ki, 2022-ci ildə Türkiyə ilə Qazaxıstan arasında ticarət həcmi 5,8 milyard dolları ötüb.