Bakı. TurkicWorld:
Türkiyəni regionun, sonra isə qlobal enerjinin mərkəzinə çevirəcəyik.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı deyib.
"Enerji məhsullarının ölkəmiz vasitəsilə Avropaya və dünyaya çatdırılması üçün müxtəlif layihələr həyata keçirəcəyik. Türkiyədə qurulacaq təbii qaz mərkəzi ilə həm enerji nəqlində, həm də qiymətlərdə irəliləyiş əldə olunacaq. Son illərdəki sərmayələrimizlə ölkəmizi regionun coğrafiyası üçün mühüm təbii qaz bazasına çevirəcəyik. Biz Türkiyəni regionun, sonra isə qlobal enerjinin mərkəzinə çevirmək məqsədimizə addım-addım yaxınlaşırıq. Enerji diplomatiyasında əldə etdiyimiz uğurlarla sübut etdik ki, Şərqi Aralıq dənizində Türkiyəsiz bir addım atıla bilməz. Həyata keçirdiyimiz Türkiyə-Rusiya enerji əlaqələrini ölkələrimizin xeyrinə davam etdirmək əzmindəyik",- deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti vurğulayıb ki, təbii qaz mərkəzi yaratmaq planımız var. Bu planı Rusiya ilə müzakirə edəcəyik. Biz bu mərkəzi təkcə təbii qaz üçün deyil, həm də enerji və mədən üçün planlaşdırırıq, geniş hədəfləri olan bir mərkəz yaratmaq istəyirik. Bu mərkəzi Ataşehirdəki Maliyyə Mərkəzimizin bir blokunda qura bilərik.
Məlumat üçün bildirək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 4 sentyabr tarixində Rusiyaya rəsmi səfər edib. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.