Sinop atom elektrik stansiyası ilə bağlı Rusiya ilə birgə addım atacağıq - Ərdoğan

Bakı. TurkicWorld:

Sinop atom elektrik stansiyası ilə bağlı Rusiya ilə birgə addım atmağımız mümkün olacaq.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.

Ərdoğan qeyd edib ki, Rusiya ilə təbii qaz sahəsində əməkdaşlıq bundan sonra daha da inkişaf edəcək.

"Sinop Türkiyədə inşa olunacaq ikinci AES-dir. Türkiyə gələcəkdə ölkənin Avropa hissəsində üçüncü belə stansiyanın tikintisini planlaşdırır",- deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti əlavə edib ki, Akkuyu atom elektrik stansiyasında Rusiya ilə əməkdaşlıq müsbət istiqamətdə davam edir.

Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.

Ümumi gücü 4 min 800 meqavat olan dörd blokdan ibarət Akkuyuda dörd reaktorun bir il fərqlə istifadəyə verilməsi planlaşdırılır. Dörd reaktorun istismara verildiyi zaman ildə cəmi 35 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək və Türkiyənin elektrik enerjisinə ehtiyacının təxminən 10 faizini qarşılayacağı gözlənilir. AES ilə ildə 17 milyon ton karbon emissiyasının qarşısı alınacaq.