Misirin İsgəndəriyyə şəhəri Azərbaycanla sıx əməkdaşlıq etmək niyyətindədir

Bakı, 22 avqust, AZƏRTAC

Misirin ən qədim və böyük şəhərlərindən biri olan İsgəndəriyyə Azərbaycanla müxtəlif sahələrdə, xüsusən turizm sektorunda sıx əməkdaşlıq etmək niyyətindədir.

Ölkəmizin Misirdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov ilə görüşündə İsgəndəriyyə vilayətinin qubernatoru Muhammed Əl-Şərif söyləyib.

Tərəflər iki dost ölkə arasında əlaqələrin dinamik şəkildə inkişafından məmnunluq ifadə ediblər. Qeyd edilib ki, bu ilin yanvarında Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə apardığı danışıqlar, həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlər əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.

Səfir E.Poluxov Azərbaycanın inkişafı, 44 günlük Vətən müharibəsində Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib. O əlavə edib ki, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr möhkəmlənir, eyni zamanda, regional əməkdaşlıq da sürətlə inkişaf edir. Misirin Qalyubiyyə vilayəti ilə Azərbaycanın Xırdalan şəhəri uzun illərdir sıx əməkdaşlıq edirlər. Qədim İsgəndəriyyə şəhəri ilə əlaqələrin də böyük potensialı mövcuddur. Təsadüfi deyil ki, bu il iki ölkənin parlamentləri, dövlət qurumlarının nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilib və əməkdaşlığa dair yeni razılaşmalar əldə edilib. Bu ilin sentyabr və oktyabr aylarında da Azərbaycan nümayəndə heyətləri Qahirə və İsgəndəriyyəyə səfərlər edəcəklər.