COP29 çərçivəsində Azərbaycan Paris Sazişinin icrası istiqamətində mühüm addımlar atıb - Boris Conson

COP29 çərçivəsində Azərbaycan Paris Sazişinin icrası istiqamətində mühüm addımlar atıb.

Trend xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiyanın sabiq baş naziri Boris Conson XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “COP29: Belemə sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel müzakirəsində etdiyi videomüraciət zamanı bildirib.

Boris Conson Nizami Gəncəvi Beynəlxalq Mərkəzini uğurlu forum təşkilatçılığı münasibətilə təbrik edib və bu tədbirin dünya liderlərini, aparıcı siyasətçiləri və qanunvericiləri bir araya gətirdiyini vurğulayıb.

O qeyd edib ki, hazırda demokratiya uğrunda mübarizə aparanların yanında olmaq və eyni zamanda, ətraf mühitin mühafizəsi, eləcə də, emissiyaların azaldılması kimi qlobal problemlərə diqqət yetirmək vacibdir.

“Böyük Britaniyada biz COP26-ya sədrlik etdik və orada Qlazqo İqlim Sazişini təsdiqləməyi bacardıq. Bu isə nəticə etibarilə 90% ölkənin öz milli müəyyən edilmiş töhfələri çərçivəsində emissiyaların azaldılmasına dair öhdəlik götürməsinə səbəb oldu”,- deyə Conson bildirib.

O, həmçinin, COP26-da əldə olunan uğurlardan, o cümlədən, iqlimə karbon qazından daha çox təsir edən metan emissiyalarının azaldılmasına yönəlmiş Qlobal Metan Öhdəliyindən danışıb. Boris Conson vurğulayıb ki, Azərbaycanın SOCAR kimi şirkətləri bu müzakirələrdə mühüm rol oynayıb.

 

“Ölkəsindən və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs o faktla razılaşır ki, emissiyaların azaldılması təkcə planetin qorunmasına deyil, həm də yeni iş yerlərinin açılmasına, investisiyaların artırılmasına və iqtisadi artıma töhfə verir”, - deyə o bildirib.

O əlavə edib ki, yeni enerji mənbələrinin yaradılması enerji təhlükəsizliyini təmin etməyə və enerji daşıyıcılarının qiymətlərdə ola biləcək dəyişkənliklərdən qorunmağa kömək edir.

“Mən həmişə onun tərəfdarı olmuşam ki, bütün ölkələr emissiyalarını azaltsın və paralel olaraq bundan iqtisadi baxımdan faydalansınlar”, - deyə Boris Conson qeyd edib.

O, rəhbərlik etdiyi "Better Earth" təşkilatının hökumətlər və beynəlxalq şirkətlərlə birgə emissiyaların azaldılması və bu prosesdən iqtisadi fayda əldə edilməsi istiqamətində çalışdığını bildirib.

Boris Conson, həmçinin "Better Earth"ün SOCAR və digər şirkətlərlə əməkdaşlığından məmnun olduğunu ifadə edərək, dayanıqlı yanacaq növlərinin istifadəsinin sürətləndirilməsi və təmiz hava layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

“Better Earth" istənilən hökumət və ya təşkilatla əməkdaşlıq etməyə və birgə həll yolları axtarmağa hazırdır”, – deyə o çıxışını yekunlaşdırıb.