ABŞ Bakı və İrəvan arasında sülh sazişi üzrə danışıqlardakı irəliləyişi alqışlayır

Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycanı tarixi sülh müqaviləsi layihəsi üzrə danışıqların yekunlaşmasını alqışlayır.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

"Bu, hər iki ölkə üçün Prezident Trampın daha sülhsevər dünya vizyonuna uyğun olaraq onilliklərlə davam edən münaqişənin səhifəsini çevirmək üçün bir fürsətdir. İndi sülhə nail olmaq, müqaviləni imzalamaq və ratifikasiya etmək və Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü başlatmaq vaxtıdır", - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.

Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.