Azərbaycan və Ermənistan arasında sazişin imzalanmasına aparan istənilən proses doğru istiqamətdə atılmış bir addımdır.
Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında ABŞ-nin Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru Syuzan Eliot deyib.
O bildirib ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması olduqca vacibdir:
"Hesab edirəm ki, bu forum da dünyada sülh və ədalətin bərqərar olmasında müstəsna əhəmiyyət kəsb edir. Ümumilikdə, forum, həmişəki kimi, yaxşı keçir. İştirakçıların öz fikirlərini ifadə edə bilməsi üçün şərait yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edirik. Moderatorluq etdiyim paneldə, gördüyünüz kimi, biz Azərbaycan, Türkiyə və digər ölkələrin sülhə aparan yollarda necə kömək edə biləcəyi barədə çox danışdıq. Ona görə də düşünürəm ki, bu forum tərəflərə əla fürsətlər təqdim edir".
Qlobal Bakı Forumunda ilk dəfə iştirak etmədiyini deyən baş icraçı direktoru ümid edir ki, bu, sonuncu da olmayacaq:
"Ümid edirəm ki, biz bu son paneldə dünya problemlərinin həlli üçün istifadə oluna biləcək bəzi konkret ideyalardan ibarət ədalətli mövqeləri ortaya qoya bilərik".
"İqlim dəyişikliyi, sülhün yolları və ya çoxtərəfli təşkilatların necə gücləndiriləcəyi haqqında danışmaq, müzakirə etmək üçün çoxlu mövzular var. Beləliklə, düşünürəm ki, bu forum bir çox keçmiş dünya liderləri arasında fikirləri bölüşmək üçün ideal fürsət yaradır", - S.Eliot qeyd edib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.