Avropa Şurası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tam dəstək verir - Baş katib

Avropa Şurasının baş katibi Alen Berset Ermənistan və Azərbaycanın Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayır.

Trend bu barədə Avropa Şurasının bəyanatına istinadən xəbər verir.

"2001-ci ildə Avropa Şurasına daxil olarkən hər iki ölkə sülhməramlı əməkdaşlığa doğru çalışmaq öhdəliyi götürdü. Bu Saziş layihəsi hər iki üzv dövlətin bu potensialı reallaşdırmaq və regionda sabit və davamlı sülh yaratmaq istəyini nümayiş etdirir. Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, mehriban qonşuluq münasibətləri ruhunda və hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə bu sürəti saxlamaq və bu prosesin problemsiz başa çatmasını təmin etmək indi çox vacibdir", - bəyanatda bildirilib.

Qeyd edilib ki, Avropa Şurası Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına tam dəstək verir.

Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.