Azərbaycan İsraillə olan möhkəm dostluq əlaqələri və Türkiyə ilə olan özünəməxsus strateji münasibətləri sayəsində Yaxın Şərqdə yeni strateji təhlükəsizlik sisteminin formalaşdırılmasında mümüh rol oynaya bilər.
Trend xəbər verir ki, bunu 2006-2009-cu illərdə İsrailin Baş nazir müavini və XİN rəhbəri, 2013-2014-cü illərdə isə Ədliyyə naziri vəzifələrini tutmuş Tsipi Livni XII Qlobal Bakı Forumu çərçivəsində “Sülhə aparan yol” mövzusunda Bakıda keçirilən panel müzakirələrində etdiyi çıxışda söyləyib.
Onun sözlərinə görə, Suriyadakı vəziyyəti, eyni zamanda Azərbaycanın digər müsəlman ölkələri ilə münasibətlərini nəzərə alaraq, Bakı regionda yeni təhlükəsizlik sisteminin yaradılmasına mühüm töhfə verə bilər.
“Mən ona inanıram ki, bu məsələyə və ümumi strategiyaya fokuslansaq, bunda irəliləyişə nail ola bilərik”,- deyə Tsipi Livni vurğulayıb.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.